AZ

NİİM: Şagirdlərin və metro sərnişinlərinin yoldan təhlükəsiz keçidi təmin edilib VİDEO

Bakı, 25 sentyabr, AZƏRTAC

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov və Murad Nağıyev küçələrinin kəsişməsində yolda xaotik vəziyyətin olması sürücü və piyadalarla yanaşı, 271 nömrəli tam orta məktəbdə təhsil alan şagirdlər üçün də təhlükəli vəziyyət yaradırdı. Problemi aradan qaldırmaq məqsədilə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları tərəfindən yeni nəqliyyat və piyada svetoforları quraşdırılıb və aidiyyəti qurum tərəfindən yolda müvafiq nişanlanma işləri aparılıb. Bundan başqa, rayonun Əjdər Məlikov küçəsi ilə Xəzər bağları yaşayış kompleksinin kəsişməsində də yeni işıqfor quraşdırılaraq istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.

Bildirilib ki, həmçinin Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi ilə İbrahimpaşa Dadaşov küçəsinin kəsişməsində piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni piyada işıqforu quraşdırılaraq istifadəyə verilib. “Azadlıq” metro stansiyasının yaxınlığı olduğu üçün piyadaların sıx hərəkətinin müşahidə edildiyi keçiddə yeni işıqforun quraşdırılması baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını alıb.

Görülən işlərlə yanaşı, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi AB massivi, Abbas Fətullayev küçəsində yeni düyməli piyada işıqforu quraşdırılıb. Bununla da qeyd olunan yolda qəza riski aradan qaldırılıb.

Seçilən
33
2
azertag.az

3Mənbələr