AZ

"Böyük Ermənistan" xülyasından real dünyaya: Paşinyanın çətin seçimi – ÖZƏL

Ermənistan hökumətinin 1 noyabrdan etibarən sərhəd-keçid möhürlərindən Ağrıdağın təsvirini çıxarmaq qərarı erməni cəmiyyətində ciddi müzakirələrə səbəb olub. Müxalifət bu addımı Ermənistanın maraqlarının Azərbaycan və Türkiyəyə "satılması" kimi qiymətləndirir.
"Sputnik Ermənistan"ın köşə yazarı Sergey Bablumyan bu mövzu ilə bağlı yazdığı məqalədə hökuməti Bakı və Ankaranın tələblərini yerinə yetirməkdə ittiham edib. Bablumyanın fikrincə, bu qərar Türkiyənin xüsusi nümayəndəsinin İrəvana səfərindən əvvəl verildiyi üçün Türkiyəyə bir hədiyyədir. O, bu addımın gələcək nəsillərin yaddaşında Ağrıdağın yerini dəyişdirəcəyini və növbəti hədəfin Göyçə gölü olacağını iddia edib.

"44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni siyasi reallıq yarandı".

Bu sözləri Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, artıq bölgədə sülhün və əmin-amanlığın bərqərar olması üçün real şərait mövcuddur. Bu baxımdan Azərbaycan Prezidenti Vətən müharibəsindən sonra Ermənistan tərəfinə 5 əsas prinsipdən ibarət sülh sazişi təklif edib. Reallıq da bundan ibarətdir ki, 8 avqust tarixində Ermənistan və Azərbaycan arasında ABŞ-də ortaq razılıq əldə olunub. Yəni, sülh sazişinin mətni ilə bağlı ümumi razılıq var. Amma məsələ bundadır ki, Ermənistan sülh sazişini imzalamaq üçün Azərbaycanın şərtlərini həyata keçirməlidir.

Siyasi şərhçi qeyd edib ki, bu şərtlərdən biri ondan ibarətdir ki, Ermənistan  Azərbaycanın ərazi bütövlüyünü tanımalı və ərazi iddialarından imtina etməlidir. Bu, onların konstitusiyasında da təsbit edilməlidir. Ümumilikdə, əgər Ermənistan qonşuları ilə dinc, yanaşı yaşamaq prinsiplərinə əməl etmək istəyirsə, mütləq şəkildə konstitusiyasında qonşu dövlətlərə qarşı ərazi iddialarını rəsmən ləğv etməlidir. Çünki Ermənistanın hazırkı konstitusiyasında həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur. Xüsusilə də Ağrıdağ məsələsi diqqət çəkir. Ermənistan gerbində, konstitusiyasında Ağrıdağ  Ermənistan ərazisi kimi göstərilir. Hətta sərhəd-keçid məntəqələrində də Ağrıdağ Ermənistanın simvolu kimi təqdim olunur. Bu isə həm erməni cəmiyyətində, həm də dünya ictimaiyyətində Ağrıdağın - yəni Türkiyə ərazisinin - guya Ermənistana məxsus olduğu təəssüratını yaradır. Bu isə qonşularla dinc yanaşı yaşamaq prinsipinə tamamilə ziddir.

A. Məsiyev vurğulayıb ki, hazırkı şəraitdə Ermənistan mütləq şəkildə qonşularla sərhədlərini açmalı və münasibətlərini normallaşdırmalıdır ki, dünya ilə inteqrasiyası mümkün olsun. 
Paşinyanın məqsədi və onu hakimiyyətə gətirən qüvvələrdən biri - Amerika Birləşmiş Ştatları - onun qarşısına müəyyən təlimatlar qoyub. Bu təlimat ondan ibarətdir ki, Ermənistanda Rusiyanın təsiri zəiflədilməlidir. Belə olan halda Ermənistan həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan Rusiyadan uzaqlaşaraq ABŞ-nin himayəsi altında inkişaf edə bilər. Dünya bazarına çıxmaq üçün Ermənistanın nəqliyyat infrastrukturunun açılması da vacibdir. Bunun üçün isə Ermənistan mütləq şəkildə Azərbaycan və Türkiyə ilə münasibətlərinə yenidən baxmalı, ərazi iddialarından imtina etməlidir.

"Lakin bir məsələ də var: erməni cəmiyyətində hələ də "dənizdən-dənizə Böyük Ermənistan" ideologiyası mövcuddur. Bu ideologiya həm beynəlxalq erməni lobbisi, həm də kilsə tərəfindən dəstəklənir. Çünki Ermənistan dövləti yaranmazdan əvvəl erməni ideologiyasının əsas mərkəzi məhz kilsə idi və ideoloji təsirlər buradan yayılırdı. Bu gün də cəmiyyətdə həmin xülyalar qalmaqdadır və əhali hələ də bu təsirdən tam uzaqlaşmayıb. Ona görə də Paşinyan reallığı nəzərə alaraq Ermənistanı Rusiyanın təsirindən çıxarmaq istəyirsə, mütləq qonşularla münasibətləri normallaşdırmaq məcburiyyətindədir. Əks təqdirdə, Ermənistan dünyadan təcrid olunmuş vəziyyətdə qalacaq. Erməni cəmiyyəti başa düşməlidir ki, əgər "dənizdən-dənizə Ermənistan" ideyası gündəmdə qalarsa, Azərbaycan da buna uyğun addımlar atacaq. Çünki  Ermənistan dövlətinin özü  Azərbaycan torpaqları hesabına formalaşdırılıb. Məsələn, 1920-ci ildə müstəqillik elan edilərkən Ermənistanın ərazisi cəmi 9 min kvadrat kilometr idi. Sonradan Göyçə, Zəngəzur kimi Azərbaycan torpaqları hesabına ərazisi genişləndirildi. Bu baxımdan, əgər erməni cəmiyyəti hələ də "Böyük Ermənistan" ideyasını gündəmdə saxlayacaqsa, Azərbaycan da öz tarixi torpaqlarının geri qaytarılması məsələsini qaldıra bilər," - deyə ekspert əlavə edib.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistanda müxalifət belə bir fikir formalaşdırmağa çalışır ki, guya Paşinyan Azərbaycan və Türkiyənin maraqlarına uyğun davranır. Amma əslində Paşinyan sadəcə reallığı nəzərə alaraq hərəkət edir və ABŞ-nin təlimatlarını icra edir. Məqsəd isə Rusiyanın təsirini zəiflətmək və Ermənistanın Qərbə inteqrasiyasını təmin etməkdir. Bunun üçün də nəqliyyat infrastrukturu açılmalı, qonşularla münasibətlər bərpa edilməlidir. Avqustun 8-də imzalanan sənədə əsasən, əgər Ermənistan sülh sazişinin mətni ilə razılaşıbsa, o zaman mütləq şəkildə konstitusiyasında dəyişiklik edərək Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Əks halda, bu, sülh sazişinin əsas prinsiplərinə zidd olacaq. Çünki iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıması prinsipi pozulmuş olur.

"Məsələ təkcə Azərbaycanla deyil, həm də Türkiyə ilə münasibətlərin köklü həllini tələb edir. Buna görə də Ermənistan öz konstitusiyasında və dövlət simvollarında qonşuların ərazi bütövlüyünə zidd olan müddəaları aradan qaldırmalıdır. Yalnız bu halda sərhədlərin açılması və münasibətlərin normallaşması mümkün olacaq. Əks təqdirdə, Ermənistan ərazi iddialarından əl çəkməsə, sülh sazişinin imzalanması real görünmür," - deyə siyasi şərhçi sonda vurğulayıb.

Lamiyə  Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr