AZ

İmişlidə toyda 55 nəfərin zəhərlənməsi rayon prokurorluğunda araşdırılır

"Formula 1" yarışlarının 2030-cu ilə qədər Azərbaycanda keçiriləcək olması ölkə üçün yalnız idman hadisəsi deyil, həm də iqtisadi və turizm baxımından böyük fürsət kimi qiymətləndirilir. Bu beynəlxalq miqyaslı yarış, hər il milyonlarla tamaşaçının diqqətini Azərbaycana yönəldir, ölkənin qlobal imicinə və tanıtımına ciddi töhfə verir. Eyni zamanda, yarış həftəsi ərzində ölkəyə gələn xarici turistlərin sayı artır, yerli biznes canlanır, hotel və xidmət sektorunda aktivlik müşahidə olunur.

Bəs “Formula 1”in daha bir neçə il ölkəmizdə keçirilməsi iqtisadi və turizm baxımından nə qazandıracaq?

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Trend"ə danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, “Formula 1” dünyada ən çox izlənilən idman növlərindən biridir:

“Adətən Formula 1 yarışlarının keçirilməsi ölkə üçün həm turizmin inkişafı, həm də ölkənin beynəlxalq təqdimatı baxımından əhəmiyyətlidir. Çünki nəzərə alsaq ki, Formula 1-ə baxanların sayı kifayət qədər çoxdur, bu yarışlar yalnız ölkəyə gələn turistlər baxımından deyil, eyni zamanda yayımlanan zaman televiziya və digər platformalar üzərindən izləyənlər baxımından da geniş auditoriyaya çatır. Bu da ölkənin daha yaxından tanıdılmasına imkan yaradır”.

Deputatın sözlərinə görə, “Formula 1” yarışları həm də ölkənin iqtisadi potensialı və infrastrukturunun təqdimatı anlamına gəlir və qlobal səviyyədə bir təqdimat imkanı yaradır:

“Eyni zamanda, bu yarışlar ölkəyə gələn turistlərin sayına da təsir göstərir. Formula 1 yarışlarının keçirildiyi müddətdə ölkəyə gələn turist sayında artım müşahidə olunur. Bundan əlavə, yarışlara gələn turistlər sonradan ölkə haqqında paylaşdıqları təəssüratlarla yeni turistlərin də gəlməsinə təkan verə bilirlər. Beləliklə, “Formula 1” yarışları həm birbaşa, həm də dolayı olaraq turizmin inkişafına töhfə verir”.

Turizm eksperti Ceyhun Aşurov isə Trend-ə bildirib ki, “Formula 1” in keçirilmə müddəti 2030-cu ilə qədər uzadılıb və əslində “Formula 1” Bakı Qran Prisi artıq özünü doğrultduğunu sübut edib.

“Son bir neçə ildir ki, biletlərin hamısı satılır və satılan biletlərin 80%-dən çoxu məhz xarici vətəndaşların payına düşür. Bu il də 10 tribunaya əlavə olaraq 2 yeni tribuna əlavə olunub. Nəzərə alsaq ki, bu yarışmanın çox geniş auditoriyası var, birbaşa onlayn izləyicilərin sayı təxminən 90 milyona çatır, dolayı auditoriya isə 4 milyarda yaxın insanı əhatə edir. Bu, ölkənin beynəlxalq tanıdılmasına çox böyük töhfə verir. Turizmə təsirini də nəzərə alsaq, demək olar ki, yarış keçirilən müddətdə Azərbaycanın və Bakının adı bütün dünyada ön plana çıxır”.

Ekspertin sözlərinə görə, gələn turistlərin sayının ildən-ilə artması həm ölkəmizin turizm məkanı kimi kəşf olunmasına, həm də ətraf bölgələrin tanıdılmasına kömək edir.

“Sosial şəbəkələrdə paylaşılan görüntülər və təəssüratlar sayəsində bu yarış yaxın regionlara da marağın artmasına səbəb ola bilər. Nəticə olaraq, “Formula 1” yarışmasının 2030-cu ilə qədər davam etdirilməsi qərarı, bu tədbirin uğurlu nəticəsinin göstəricisidir. Hesab edirəm ki, Bakı Qran Prisinin kifayət qədər ciddi izləyici auditoriyası formalaşıb və bu, gələcəkdə də ölkənin tanıtımı və turizm baxımından müsbət təsirini göstərəcək”,- deyə o vurğulayıb.

Seçilən
46
avtosfer.az

1Mənbələr