AZ

“Trampın məyusluğu Putinlə pozulan anlaşmalardan qaynaqlanır” - Elçin Xalidbəyli

“Trumpın açıqlamaları şəxsi məyusluqdan qaynaqlanır. Belə ki, Rusiya prezidenti Vladimir Putin Trump ilə iki dəfə razılaşmanı pozub və bu, Trumpın Ukrayna savaşını dayandırmaq planlarını pozub. Daha sonra Rusiya həm Ukrayna ərazisində, həm də Avropa dövlətlərinə qarşı agresiv hərbi addımlar atıb ki, bu da Trumpın mövqeyini dəyişməsinə səbəb olub. Hazırda Trump tərəddüdlü mövqedədir; hələ tam şəkildə Ukraynanı dəstəkləməyib, amma Rusiyadan ümidlərini kəsdikdən sonra son bir cəhd etmək niyyətindədir. Bu açıqlama əslində Rusiyaya yönəlik xəbərdarlıq mesajı xarakteri daşıyır. Trump əvvəllər Rusiyaya qarşı sanksiyalar tətbiq etmək vədi vermiş, lakin hər iki dəfə Putinlə anlaşmalar pozulduğundan vədlərindən yayınıb”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putindən “ümidini kəsdiyini” açıqlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş zamanı verdiyi açıqlamalar və daha sonra sosial media paylaşımı Trampın Ukrayna məsələsində mövqeyində əsaslı dəyişikliklərin olduğunu göstərir. Tramp bildirib ki, Rusiyanın ciddi problemləri var və iqtisadiyyatı dağılmaq ərəfəsindədir. O, Ukraynanı böyük ruhlu, cəsur və mərd xalq kimi xarakterizə edib, Zelenskini isə ağır mübarizəyə rəhbərlik edən mərd və qətiyyətli lider kimi qiymətləndirib. Bundan əlavə, Tramp NATO ölkələrinə çağırış edərək deyib ki, hava məkanını pozan Rusiya təyyarələri dərhal vurulmalıdır.

Siyasi şərhçi bildirib ki, anlaşmalar pozulduqdan sonra Trump məyus olaraq öz nüfuzunu və ABŞ-ın beynəlxalq imicini qorumaq məqsədilə mövqeyini nisbətən dəyişməyə başlayıb.

“Son dövrlərə qədər Trump hesab edirdi ki, Ukrayna öz itirilmiş ərazilərini geri qaytara bilməz və Rusiya bu savaşda qalib gələcək. Lakin indi fikirlərini dəyişərək bildirir ki, Rusiya iqtisadiyyatı çökür, Ukrayna ərazilərini geri qaytara bilər və Rusiyanın qələbə ehtimalı sual altındadır. Beləliklə, Trump nəhayət Rusiyanın siyasi anlaşmalara sadiq olmadığını, güvəniləsi bir dövlət olmadığını anlamağa başlayır. Hələlik onun qərar verdiyini demək olmaz; bu, böyük ehtimalla Rusiyaya son xəbərdarlıq mesajıdır. Əgər bu mesaj nəticə verməsə, ABŞ Rusiyaya qarşı dağıdıcı sanksiyalar tətbiq edə bilər və bu sanksiyalar həm Rusiyanı, həm də onun iqtisadi tərəfdaşlarını hədəf ala bilər. Bu vəziyyət Rusiya üçün ən uğursuz ssenari olar, lakin Kremlin geri çəkilmək niyyəti yoxdur. O, həm kollektiv qərblə, həm də Ukrayna ilə kapitulyasiya şərtləri irəli sürür. Trump isə Rusiyaya xəbərdarlıq mesajları ilə son şansı verdiyini göstərir və Ukraynaya ən müasir hücum silahlarının verilməsi ilə Rusiyanın daxilində müharibəni daha çox hiss etməsini təmin etməyə çalışır. Bu, Rusiyanın sülh danışıqları masasına gəlməsini təmin etmək məqsədi daşıyır. Trumpın bu addımlarının nəticəsi hələlik qeyri-müəyyəndir. Əgər Kremlin Trumpla yenidən anlaşmağa cəhd göstərsə, Trump öz mövqeyini dəyişə və anlaşmaya müsbət yanaşa bilər. Bu baxımdan, Trumpın artıq tam şəkildə Ukraynanın yanında durduğunu demək sadəlövhlük olar. Onun açıqlamaları əsasən Rusiyanı çətin vəziyyətə qoyaraq sülh danışıqlarını daha əlverişli şərtlərdə aparmaq niyyətindən qaynaqlanır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Seçilən
23
aznews.az

1Mənbələr