AZ

Azərbaycan Afrika ölkələrinə İqlim Diplomatiyası sahəsində dəstək göstərəcək

Bakı, 24 sentyabr, TELEQRAF

BMT-nin Baş Qərargahında COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatının təşəbbüsü ilə “Bakı Mərkəzi Tərəfdaşlığı: Münaqişələrdən zərər çəkən və həssas ölkələr üçün innovativ həllər” mövzusunda yüksəksəviyyəli tədbir keçirilib.

Teleqraf xəbər verir ki, tədbirdə onlarla hökumət üzvü, BMT qurumlarının rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında COP29-un Prezidenti Muxtar Babayev, İtaliya Beynəlxalq İnkişaf Agentliyinin icraçı direktoru Marko Ruskoni, BMT Baş katibinin Afrika üzrə nümayəndəsi Parfayt Onyanga və Beynəlxalq Miqrasiya Təşkilatının icraçı direktorunun müavini Uqoçi Daniels çıxış edərək bildiriblər ki, Azərbaycanın təşəbbüsü ilə təsis olunan Bakı Mərkəzi artıq qlobal iqlim diplomatiyasında yeni bir istiqamət açır. Mərkəz iqlim dəyişikliyi, sülh quruculuğu və iqlim miqrasiyasının tənzimlənməsi məsələlərini vahid gündəmdə birləşdirərək, həssas regionlarda real nəticələr doğuracaq layihələrin icrası üçün unikal platformaya çevrilib.

Sonra çıxış edən Çad, Qvineya-Bisau, Somali və Uqandanın ətraf mühit nazirləri ölkələrində təxirəsalınmaz layihələrin həyata keçirilməsi üçün Bakı Mərkəzinin qurduğu tərəfdaşlıqdan söz açaraq, iqlim diplomatiyası sahəsində bölüşdüyü təcrübə üçün Azərbaycana təşəkkürlərini bildiriblər.

Bakı Mərkəzinin növbəti planları haqqında danışan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov diqqətə çatdırıb ki, Mərkəz qeyd olunan ölkələrdə layihələrin həyata keçirilməsinin praktiki mərhələsinə başlayır. Bu məqsədlə tədbirdə Çad və Qvineya-Bisau ilə Bakı Mərkəzi arasında Birgə İşçi Qruplarının yaradılmasına dair Memorandum təsdiqlənib.

Tədbirdə, həmçinin daha bir neçə ölkə Bakı Mərkəzi tərəfdaşlığına qatılmaq niyyətlərini elan ediblər.

Seçilən
0
12
teleqraf.com

10Mənbələr