1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramları (Azərbaycan və rus dillərində) paylaşıb.
Bu barədə Oxu.Az-a DİM-dən məlumat verilib.
1. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar (Azərbaycan bölməsi)
Qəbul imtahanlarında ötənilki imtahan modeli tətbiq olunacaq. Test bloklarına 22 qapalı tipli, beş açıq (cavabı kodlaşdırıla bilən) tipli, həmçinin I ixtisas qrupu üzrə cavabı yazı ilə ifadə edilən üç müstəqil tapşırıq, II, III və IV ixtisas qruplarında isə cavabı yazı ilə ifadə olunan üç tapşırıqlı mətn, situasiya və mənbə daxil ediləcək.
Proqramların sonundakı siyahılarda əsas ədəbiyyat kimi dərsliklər göstərilib. Nəzərinizə çatdırırıq ki, ötən illərdə olduğu kimi, bu il də dərslikdən kənar heç bir mövzu proqramlara daxil edilməyib. Əlavə ədəbiyyat siyahısında qeyd olunanlarla isə orta məktəbdə öyrənilənlər təkrar edilə bilər.
Ümumtəhsil müəssisələrinin 6-cı siniflərində "Təbiət" adlı yeni dərslik tədris olunur. Bununla əlaqədar olaraq, həmin siniflərdə biologiya və fizika fənləri ayrıca tədris edilmir. Lakin qəbul proqramlarında hələlik bu fənlərdən mövzular qalır. Həmin mövzulara dair materiallarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.
Cari tədris ilində respublikanın ümumtəhsil müəssisələrində, kimya, biologiya və fizika fənlərindən 7 və 8-ci, coğrafiya fənnindən isə 6 və 7-ci siniflərdə yeni kurikulum standartları əsasında hazırlanmış dərsliklər istifadəyə verilib. Bu dərsliklər məzmun və yeni terminlərin işlənməsi baxımından əvvəlki nəşrlərdən tamamilə fərqlidir. Ona görə də həmin dərsliklərin yeni nəşrləri ədəbiyyat siyahısına daxil edilməyib və müvafiq mövzulardakı materiallarda dərsliklərin əvvəlki nəşrlərinə istinad ediləcək. Həmin mövzulara dair materiallarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.
Cari tədris ilində respublikanın ümumtəhsil müəssisələrinin 6-cı siniflərində "Azərbaycan tarixi" və "Ümumi tarix" fənlərindən yeni dərsliklər istifadəyə verilib. Bu dərsliklər məzmun baxımından əvvəlki nəşrlərdən müəyyən qədər fərqlidir. Ona görə də həmin dərsliklərin yeni nəşrləri ədəbiyyat siyahısına daxil edilməyib və müvafiq mövzulardakı materiallarda dərsliklərin əvvəlki nəşrlərinə istinad ediləcək. Həmin mövzulara dair materiallarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.
Respublikanın ümumtəhsil müəssisələrinin 5-cı siniflərində istifadədə olan "Azərbaycan dili" dərsliyindən çıxarılmış, lakin vacibliyi nəzərə alınaraq qəbul imtahanı proqramında saxlanılmış feilin şəkilləri (xəbər şəkli, xəbər şəklində olan feilin zamana və şəxsə görə dəyişməsi, xəbər şəklində olan feillərin yazılışı və tələffüzü, əmr şəkli, arzu şəkli, vacib şəkli, lazım şəkli, şərt şəkli) mövzusu ilə aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.
Respublikanın ümumtəhsil müəssisələrinin 5-ci siniflərində ədəbiyyat fənninin tədrisi vaxtilə iki (variativ) dərslik əsasında aparıldığı üçün həmin sinif üzrə tapşırıqlar dərsliklərdə əksini tapan nəzəri biliklərin tətbiqi ilə bağlı olacaq.
Qəbul imtahanında ədəbiyyat fənnindən "Həmzənin Qıratı qaçırması" qolu ("Koroğlu" eposundan), N.Gəncəvinin "İskəndərnamə", M.Füzulinin "Leyli və Məcnun", C.Məmmədquluzadənin "Anamın kitabı", C.Cabbarlının "Oqtay Eloğlu", S.Vurğunun "Vaqif", İ.Əfəndiyevin "Xurşidbanu Natəvan" əsərlərinin dərsliklərdə verilməyən, lakin oxunması tövsiyə edilən hissələri üzrə tapşırıqlardan da istifadə olunur. Həmin əsərlərin müvafiq hissələri ilə buradan tanış olmaq olar.
Qəbul imtahanında ədəbiyyat fənnindən həmçinin "Xan sarayı" əfsanəsi, "Çahargah əfsanəsi", "Ağıllı uşaq" nağılı, "Basatın Təpəgözü öldürdüyü boy" ("Kitabi-Dədə Qorqud" dastanından), "Düratın itməyi" qolu ("Koroğlu" eposundan), N.Gəncəvinin "Yaralı bir uşağın dastanı", İ.Krılovun "Ağac", S.Əhmədlinin "Dərs", Z.Xəlilin "Zeynalabdin", C. Novruzun "Mən bizim anaları günəşlətən tuturam", B.Vahabzadənin "Vətəndaş" və M.Hüseynin "Odlu qılınc" əsərləri üzrə tapşırıqlardan da istifadə olunur. Həmin əsərlərlə buradan tanış olmaq olar.
Təqdim edilmiş proqramlar "Abituriyent" jurnalının birinci sayında dərc olunacaq. Jurnalda imtahanlarda fənlər üzrə mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahan modelinə uyğun tapşırıq nümunələri və qiymətləndirmə meyarları da dərc ediləcək.