Ucardan Bakı şəhərinə gəzmək üçün gələn şəxs məşhur restoranın şüşəsini sındırıb və çaxır götürərək içib.
KONKRET.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, hadisə Səbail rayonu, Sahil bağı yaxınlığında yerləşən restoranlardan birində baş verib.
1980-ci ildə Ucar rayonunun Qaracallı kəndində doğulmuş F.G. gəzmək üçün Bakı şəhərinə gəlib. O, saat 23:00-dək bulvar ərazisində gəzib və müxtəlif mağazalara daxil olaraq pivə alaraq içib. Pulu qurtardıqdan sonra Sahil bağı yaxınlığında yerləşən restoranın giriş qapısının şüşəsini daşla sındıraraq, içəri daxil olub. Restoranda heç kimin olmamasından istifadə edərək vitrindəki bazar dəyəri 440 manat olan çaxırı götürərək içməyə başlayıb. İçkinin təsirindən restoranda yatıb.
Onun İnzibati Xətalar Məcəlləsinin 232-1-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxılıb. İclasda məlum olub ki, təqsirləndirilən şəxs yaşadığı Ucar rayonuna getdiyindən məhkəməyə gələ bilməyib. O, məhkəməyə telefonoqram vuraraq maddi imkanı olmadığından prosesdə iştirak edə bilməyəcəyini deyib. Təqsirləndirilən şəxs maddi imkanı düzəldikdə ziyanı ödəyəcəyini bildirib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, yəni 440 manat məbləğində cərimə edilib.