AZ

Ermənişünas: Petrosyan Paşinyanla atəşkəsi pozub

Qafar Çaxmaqlı: Paşinyanın seçkilər ərəfəsində bu debatları siyasi rəqiblərini zəiflətmək üçün fürsət kimi dəyərləndirir

Ermənistanda qarşıdan gələn seçkilər öncəsi siyasi mübarizə daha da kəskin xarakter alıb. Sabiq və hazırkı rəhbərlər arasında məsuliyyətin kimdə olduğu ilə bağlı ittihamlar və cavablar gündəmdədir. Xüsusilə Qarabağ məsələsi ətrafında yaranan qarşıdurma, müharibənin nəticələri və bu proseslərdə kimlərin məsuliyyət daşıdığı mövzusu erməni cəmiyyətində ciddi rezonans doğurur. Bu kontekstdə baş nazir Nikol Paşinyanın keçmiş prezidentlərlə açıq debat təşəbbüsü həm siyasi, həm də ictimai maraq doğuran əsas hadisələrdən birinə çevrilib.

Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a açıqlamasında sabiq prezident Levon Ter-Petrosyanın uzun müddət Nikol Paşinyan hakimiyyətinə loyal münasibəti ilə tanındığını söyləyib:

"Lakin son vaxtlar o bu mövqeyindən geri çəkilərək atəşkəsi pozub və Paşinyanı bir sıra məsələlərdə ittiham edib. Ter-Petrosyanın əsas ittihamlarından biri ondan ibarətdir ki, Paşinyan ölkəni müharibəyə sürüklədi, nəticədə Qarabağ əldən getdi və Ermənistan məğlubiyyətlə üzləşdi. Bu ittihamlara cavab olaraq Paşinyan Ter-Petrosyanla açıq debat keçirmək istədiyini bildirib. Ermənistan mətbuatında yayılan məlumatlara görə, Ermənistan baş naziri həmin debatda bir neçə əsas məsələni gündəmə gətirmək niyyətindədir. O, xüsusilə Ter-Petrosyanın prezidentliyi dövründə Qarabağla bağlı ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda Qarabağın Azərbaycan torpağı kimi təqdim olunmasında Ter-Petrosyanı günahlandırır. Paşinyan bu məsələ ilə bağlı danışıqlar paketinin sənədlərinin dərc olunmasını tələb edir və qeyd edir ki, dəfələrlə Ter-Petrosyana bu sənədləri ictimaiyyətə açıqlamağı desə də, bu, hələ də baş verməyib. Əvvəllər də Paşinyan Ter-Petrosyanı bu məsələlərlə bağlı debata çağırıb, lakin həmin debat baş tutmayıb. İndi isə Ter-Petrosyanın yenidən Paşinyan hakimiyyətini açıq şəkildə tənqid etməsindən sonra bu çağırış təkrar gündəmə gəlib. Debatın keçirilib-keçirilməməsi isə Petrosyanın bu dəfə çağırışa necə cavab verəcəyindən asılı olacaq".

Alim Paşinyanın qarşıdan gələn seçkilər ərəfəsində bu debatları siyasi rəqiblərini zəiflətmək üçün fürsət kimi dəyərləndirdiyini bildirib:
"Paşinyan yalnız Ter-Petrosyanı deyil, həm də digər keçmiş prezidentlər-Robert Koçaryan və Serj Sarkisyanı da debatlara dəvət edib. Paşinyan bununla Qarabağın əldən çıxmasına və müharibənin nəticələrinin bu şəkildə olmasına görə təkcə öz hakimiyyətinin deyil, keçmiş rəhbərlərin də məsuliyyət daşıdığını cəmiyyətə göstərmək niyyətindədir. Gözlənilən açıqlamaların siyasi proseslərə necə təsir edəcəyini isə zaman göstərəcək. Seçki ərəfəsində bu Paşinyanın əlində kozordur".
Seçilən
25
1
sherg.az

2Mənbələr