AZ

Ramin Məmmədov İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüşdü

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov qurumun tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Bakı İlahiyyat Kollecinə (BİK) qəbul olan tələbələrlə görüşüb.

Redaktor.az xəbər verir ki, Aİİ-nin rektoru Aqil Şirinov ali təhsil müəssisəsində tələbələr üçün yaradılmış şərait barədə məlumat verib.

O deyib ki, builki qəbul imtahanlarının nəticələri gənclər arasında instituta marağın artdığını göstərir:

"İmtahanlarda 618 bal toplayan abituriyent məhz Azərbaycan İlahiyyat İnstitutunu seçərək "İslamşünaslıq" ixtisasına qəbul olub.

R.Məmmədov isə bildirib ki, həm Azərbaycan İlahiyyat İnstitutu, həm də Bakı İlahiyyat Kollecində təhsil alan tələbələr üçün yaradılmış şərait Prezident İlham Əliyevin rəhbərliyi ilə dini sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

O, təsdiq edilmiş müxtəlif dövlət proqramlarının, imzalanan fərman və sərəncamların gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, yüksək təhsil alması, həmçinin intellektual inkişafını təmin etmək baxımından xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Sədr təhsilalanların dövlət–din münasibətlərinin qorunub-saxlanılması, eyni zamanda, milli-mənəvi dəyərlərimizin, tolerantlıq ənənələrimizin yaşadılması üçün daim çalışacaqlarına ümidvar olduğunu vurğulayıb.

DQİDK sədrinin müavini Gündüz İsmayılov çıxışında müstəqillik dövründə ölkədə din təhsilinin tarixi və inkişafı haqqında məlumat verib. Bildirib ki, gənclər Aİİ-də təhsilin hər üç pilləsi üzrə oxumaq imkanına malikdirlər. O, tələbələrin, eyni zamanda, təhsillərini xaricdə davam etdirmək imkanlarının olduğunu da qeyd edib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) icraçı direktoru Vüsal Göyüşov isə çıxışı zamanı qeyd edib ki, Fondun fəaliyyətində əsas istiqamətlərindən biri də təhsilalanların sosial müdafiəsinin gücləndirilməsi, istedadlı şəxslərin təhsilini davam etdirməsinə dəstək göstərilməsidir. O, Fondun bu istiqmətdə Aİİ ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu haqqında məlumat verib. Qəbul planının 100 faiz dolduğunu, gənclərin dini sahədə peşəkar kadrlar kimi yetişməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Tələbələr də onları maraqlandıran məsələlərlə bağlı suallar veriblər. İnstitut və kollecdə peşəkar mütəxəssislərin yetişdirilməsi üçün yaradılan şəraitə görə öz minnətdarlıqlarını ifadə ediblər.

Sonda Həmzə Nigari adına təqaüdün qalibi təltif olunub, 2025/2026-cı tədris ili üzrə yüksək göstəricilərlə qəbul olan tələbələrə hədiyyələr təqdim edilib.

Qeyd edək ki, 2025/2026-cı tədris ilində Azərbaycan İlahiyyat İnstitutuna bakalavriat pilləsi üzrə qəbul planı 100 faiz dolub. Belə ki, "İslamşünaslıq" ixtisasına 42, "Dinşünaslıq" ixtisasına isə 36 tələbə qəbul edilib. Bakı İlahiyyat Kollecinə isə "Dini-mənəvi xidmət" ixtisasına ümumi 9 illik orta təhsil bazasından 15, tam 11 illik orta təhsil bazasından isə 15 tələbə qəbul olub.

Seçilən
9
2
redaktor.az

3Mənbələr