Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Xəbər verdiyimiz kimi, Xalq rəssamı Eldar Mikayılzadə müəllifi olduğu "On dörd məsum” xalçası Mədəniyyət Nazirliyinə satılıb.
Alqı-satqı ilə bağlı nazirliklə Xalq rəssamı arasında müqavilə bağlanıb. Əsərin qiyməti 100 min manat müəyyənləşdirilib.
Azərbaycanın tanınmış xalçaçı-rəssamı, dini-mənəviyyat mövzularda işlədiyi xalçaları ilə məşhur olan Eldar Mikayılzadənin xalçası orijinallığı ilə seçilir.
Qeyd edək ki, 2 x 1,74 metr ölçüdə olan xalça əslində "On dörd məsumun təvafı" adlanır.Təmiz yun və ipək materialından toxunub. Əsərin hazırlanmasına 2 il vaxt sərf edilib.
Xalçanın dörd kənarında Qurani-Kərimdə Əhli-Beytə aid edilən ayələr toxunub. Həmçinin dörd mələyin öz vəzifələrinin icrasının təsviri verilib.
1956-cı il təvəllüdlü Eldar Mikayılzadə UNESCO yanında Rəssamlar Birliyinin üzvü və Azərbaycan manatının ilk eskizlərinin müəllifidir.
O, "On dörd məsum” xalçasını 2001-ci ildə ərsəyə gətirib.
Xalçaçı rəssam, Azərbaycan manatının ilk eskizlərinin müəllifi Eldar Mikayılzadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, mətbuatda "On dörd məsumun təvafı" adlı xalçanın satışı ilə bağlı məsələnin işıqlandırılması xüsusilə onda ciddi hiddət doğurub:
O qeyd edib ki, xəbər saytları əsərimi bazarda satılan əşya kimi təqdim etdi:
“Bu haqda danışmaq istəmirəm, çünki xəbər saytlarında o qədər kobud yazdılar ki... Satdı, elə bil bazarda mal satmışam. Bir maraqlansınlar ki, bu xalça neçə ilə başa gəlib. Bu sənət əsəridir, xalça deyil.
Saytlar bunu sənət əsəri kimi yox, elə bil bazardakı adi bir əşya kimi təqdim etdilər. Elə bil mən alverçiyəm, sanki küçədə nəsə satmışam. Ona görə də bu mövzuda danışmaq istəmirəm”.
O bildirib ki, məlumatın şəxsiyyətin icazəsi olmadan yayımlanması cinayət xarakteri daşıyır:
“Əslində, bu cinayətdir. Bu məlumatı şəxsiyyətin icazəsi olmadan yaymaq düzgün deyil, buna ixtiyarları yoxdur. İş tamamlanmamış götürüb paylaşırlar. Bu özü cinayətdir.
Mənim ixtiyarım var ki, bu barədə məhkəməyə müraciət edim. Amma mən belə işlərlə məşğul olmuram, bunlardan uzağam. Əslində bu, cinayətdir, düzgün deyil.
Heç olmasa, maraqlansınlar ki, bu adam nə yaradır, nə edir. Ali təhsil müəssisəsində dərs deyir, tələbələr sənət öyrədir və onların gələcəyinə töhfə verir. Azərbaycan incəsənətinə hansı işləri ilə təsir göstərmişəm. Bu sualları vermirlər”.
Xalq rəssamı dövlətin sənət adamlarına göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib:
“Dövlətimizin mədəniyyət siyasətinə və mədəniyyət xadimlərinə göstərdiyi dəstəyə görə minnətdaram. Bu dəstək gələcək işləri görmək, yeni əsərlər yaratmaq üçün yardım kimi oldu.
Dövlətimiz qayğı göstərdi, biz də qayğı göstərməliyik. Mənim də fikrimdə var danışmışam, bir-iki əsərimi bağışlayacağam və xalça muzeyinə hədiyyə ediləcək. Sadəcə dövlətimizin qayğısını görəndə biz də nəsə etməliyik. Fürsətdən istifadə edib muzeylərimin zənginləşməsinə kömək etməliyik.
Dövlətimizin mədəniyyət xadimlərinə göstərdiyi qayğıya görə təşəkkür edirəm. Bunun qarşısında əlimizdən gələni edəcəyik, etməliyik də, borcumuzdur”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər:
Əsər Eldar Mikayılzadə
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.