ain.az, Konkret.az portalına istinadən məlumat verir.
Maliyyə texnologiyalarının inkişafı fonunda plastik bank kartlarının tamamilə rəqəmsal formaya keçib-keçməyəcəyi sualı aktuallığını qoruyur. Maraqlıdır, gələcəkdə plastik bank kartları tamamilə rəqəmsal formaya keçə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, yaxın gələcəkdə bütün dünyada plastik kartlar tamamilə sıradan çıxacaq və onların yerini rəqəmsal kartlar tutacaq:
“Əlbəttə ki, gələcəkdə plastik bank kartları olmayacaq. Rəqəmsal kartlar həm daha ucuz başa gəlir, həm də ekoloji cəhətdən faydalıdır. Üstəlik, təhlükəsizlik baxımından da üstünlükləri var. Plastik kart oğurlandıqda vəsaitdən istifadə mümkündür. Amma rəqəmsal kart telefondadırsa, bu, həmin vəsaitin dərhal istifadəsi demək deyil. Çünki vətəndaş dərhal kartı bloklaya bilər. Bu baxımdan rəqəmsal kartlar daha etibarlıdır”, – ekspert bildirib.
Ə.Həsənovun sözlərinə görə, yeganə narahatlıq yaradan məqam telefonun sönməsi və ya işləməməsidir. Həmçinin, bir çox insan hələ də smartfonlardan istifadə edə bilmir:
“Psixoloji amillər də var. İnsanlara elə gəlir ki, kart əllərində olanda orda pul var, amma rəqəmsal kartda bunu hiss etmirlər. Necə ki, əvvəllər cibdəki nağd pul daha etibarlı görünürdüsə, indi də kartlara öyrəşiblər. Zamanla rəqəmsal formaya da uyğunlaşacaqlar”, – deyə ekspert əlavə edib.
Ekspert hesab edir ki, bu proses yaxın 10 ildə baş verəcək.
Aynurə İsmayıl
KONKRET.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.