AZ

Almaniyada dünyanın ən hündür külək turbini inşa edilir

Bakı, 24 sentyabr, AZƏRTAC

Almaniyanın Brandenburq federal əyalətinin Şipkau kommunasında 365 metr hündürlüyündə yeni nəsil külək turbininin tikintisi aparılır. Bu nəhəng qurğu hündürlüyünə görə demək olar ki, Berlin teleqülləsinə bərabər olacaq və külək energetikasının səmərəliliyi sahəsində inqilabi yenilik edəcək.

AZƏRTAC xəbər verir ki, nəhəng külək turbinini inşa edən “Gicon” mühəndislik şirkətinin məlumatına görə, bu yeni model dəniz turbinləri ilə müqayisə olunacaq dərəcədə effektivdir, lakin texniki xidmət və istismar xərcləri baxımından əhəmiyyətli dərəcədə daha ucuz başa gəlir.

Dünyanın ən böyük külək turbininin tikintisinin 2026-cı ilin yayında başa çatdırılması nəzərdə tutulur. İdman qanteli ölçüsündə olan bu qurğunun vintlərinin çəkisi təxminən iki kiloqramdır. Tikinti meydançasında isə 150 metr hündürlüyündə iri kran quraşdırılıb ki, bu da adi külək turbinlərinin orta hündürlüyünə uyğundur.

“365 metr hündürlükdə külək daha sabit olur və biz adi külək turbinləri ilə müqayisədə iki dəfədən çox elektrik enerjisi istehsal edəcəyik”, – deyə “Gicon” şirkətinin idarəedici direktoru Yohen Qrossmann bildirib. Onun sözlərinə görə, bu texnoloji sıçrayış külək energetikasını tamamilə yenidən düşünməyə imkan yaradır. Model uğurlu alınacağı təqdirdə “Gicon” şirkəti Almaniya üzrə minədək belə qurğu inşa etməyi planlaşdırır.

Gələcəkdə fərqli ölçülü turbinlər müxtəlif hündürlüklərdə külək enerjisindən istifadə edə biləcək. “Bu isə o deməkdir ki, Almaniyada elektrik enerjisi istehsalı üçün əvvəlkindən qat-qat az torpaq sahəsinə ehtiyac olacaq”, – deyə şirkət rəhbəri vurğulayıb. Bu yanaşma eyni ərazidə dəfələrlə çox elektrik enerjisi istehsal etməyə imkan verəcək.

Seçilən
9
2
azertag.az

3Mənbələr