Bakı şəhərində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu və Azərbaycanın sədrliyi ilə MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının növbəti iclası keçirilir.
“İki sahil” xəbər verir ki, Forum iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Mötəbər beynəlxalq tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib, Ümumdünya Statistika Günü ərəfəsində keçirilən Forumun dövlətimizin beynəlxalq imicinin möhkəmlənməsi, statistika sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi, habelə Azərbaycanın sosial-iqtisadi, mədəni və siyasi sahələrdə əldə etdiyi nailiyyətlərin nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Daha sonra MDB İcraiyyə Komitəsi sədrinin müavini Denis Trefilov, MDB Dövlətlərarası Statistika Komitəsinin sədri Konstantin Laykam, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, BMT-nin Avropa İqtisadi Komissiyasının Statistika şöbəsinin direktoru Tiina Luige, Dünya Bankının Qlobal Beynəlxalq Müqayisələr Proqramının rəhbəri Marko Olavi Rissanen çıxış edərək Forumun müxtəlif ölkələrin statistika qurumlarının, beynəlxalq təşkilatların, elmi dairələrin nümayəndələrinin bir araya gətirilməsi, statistika sahəsində qabaqcıl bilik və təcrübələrin mübadiləsi, yeni hədəflərin müəyyən edilməsi, eləcə də birgə layihələrin təşviqi, qlobal statistik təşəbbüslərə inteqrasiya və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər.
3 gün davam edəcək Forumda Milli Hesablar Sistemi-2025, valyutaların alıcılıq qabiliyyətinin pariteti əsasında beynəlxalq müqayisələr proqramı, əhali və mənzil fondu siyahıyaalınmasının 2030-cu il mərhələsi, Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinqi, həmçinin sahə və çoxsektorlu layihələrlə bağlı məsələlər müzakirə olunaraq, informasiya texnologiyaları, statistik məlumatların inteqrasiyası, institusional qərarlar, statistikada səriştəliliyin inkişafı ilə əlaqədar layihələrin effektivliyi qiymətləndiriləcəkdir.
Şuranın iclası zamanı isə onun son üç ildəki fəaliyyəti, “MDB statistikasının inkişafı” layihəsinin icra vəziyyəti, perspektivləri və digər məsələlər müzakirə olunacaqdır.