AZ

Bakıda fiqurlu konkisürmə üzrə Qran-Prinin açılış mərasimi keçirilib

Sentyabrın 24-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Beynəlxalq Konkisürmə Birliyinin (ISU) yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışının rəsmi açılış mərasimi baş tutub.

 90deqiqe.Az xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda ilk dəfə təşkil olunan “Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışının ölkəmiz üçün qış idman növlərinin inkişafında yeni mərhələ olduğunu bildirib. Nazir Prezident İlham Əliyevin idman sahəsinə hər zaman xüsusi diqqət və qayğı  ilə yanaşdığını, dövlət tərəfindən ölkəmizdə müasir idman infrastrukturunun yaradıldığını, o cümlədən  bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın idman ölkəsi kimi dünyada önəmli yer tutduğunu  vurğulayıb. Fərid Qayıbov qran-pri yarışının Azərbaycanda keçirilməsinin təkcə fiqurlu konkisürmə üzrə deyil, ümumilikdə qış idman növlərinin inkişafı baxımından yeni imkanlar açdığını qeyd edib və idmançılara uğurlar arzulayıb. 

“ISU yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışının Azərbaycan kimi dinamik inkişaf edən ölkədə keçirilməsindən məmnunluğunu bildirən Beynəlxalq Konkisürmə Birliyinin prezidenti Co Yul Kim Azərbaycanın müasir idman infrastrukturu, təşkilatçılıq təcrübəsi və gənclərə verdiyi dəstək sayəsində beynəlxalq idman ailəsinin etibarlı tərəfdaşına çevrildiyini deyib. O, qran-prinin regionda fiqurlu konkisürmənin tanıdılmasına, müxtəlif ölkələr arasında idman əlaqələrinin möhkəmlənməsinə və gələcəkdə daha böyük beynəlxalq yarışların Azərbaycanda keçirilməsinə zəmin yaradacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Dövlət  Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Qış İdman Növləri Federasiyası və Beynəlxalq Konkisürmə Birliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən qran-pri 3 gün davam edəcək. “ISU yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışında 38 ölkədən 92 idmançı iştirak edəcək. Qran-prinin ilk günündə kişilər və qadınlar qısa proqram üzrə çıxış edəcəklər. 

Sentyabrın 25-də kişilər buz üzərində sərbəst proqramla, cütlüklər isə qısa rəqs proqramı ilə çıxış edəcəklər. Sentyabrın 26-da isə qadınlar sərbəst proqramla, cütlüklər isə sərbəst rəqs proqramı ilə çıxışlarını təqdim edəcəklər.

 

Seçilən
4
7
90deqiqe.az

8Mənbələr