Gəncə və Azərbaycanın daha 6 şəhərində keçiriləcək III MDB Oyunlarının bayraqdarı qız idmançı olacaq.
İdman.biz prosport.az-a istinadən xəbər verir ki, əvvəlki 2 MDB Oyunlarından fərqli olaraq, bu dəfə Azərbaycanın bayraqdarı oğlan yox, qız idmançı seçilib.
Hazırda həmin idmançının kimliyi barədə son dəqiqləşdirmələr aparılır. Namizədlərdən biri də karate idmançısı İnci Əzizovadır. O, 2021-ci ildə Kazanda keçirilmiş I MDB Oyunlarının qalibidir.
Kamandan oxatma üzrə son Azərbaycan çempionatının bürünc medalçısı Fatimə Hüseynli də namizədlər arasındadır. O, 2023-cü ildə Belarusun Moqilyov şəhərində keçirilmiş II MDB Oyunlarında kamandan oxatmanın miks yarışında 3-cü yeri tutub.
Qılıncoynatmanın şpaqa növündə çıxış edən Xədicə Həsənli də bayrağımızı daşımağa namizəddir.
Onu da qeyd edək ki, bu dəfə 2 bayraqdar olacaq. Bunlardan biri ümumi MDB Oyunlarının açılışı zamanı qarşıda gedəcək. Digəri isə Azərbaycan nümayəndə heyətinin önündə bayrağımızı daşıyacaq. Sentyabrın 26-da stolüstü tennis və sentyabrın 27-də futbol yarışları ilə start götürəcək III MDB Oyunlarının açılış mərasimi ayın 28-də Gəncə şəhər stadionunda baş tutacaq.
Xatırladaq ki, bayraqdarımız Rusiyanın Kazan şəhərində keçirilmiş I MDB Oyunlarında yunan-Roma güləşçisi Həsrət Cəfərov, Belarusun paytaxtı Minsk və başqa şəhərlərində baş tutmuş II MDB Oyunlarında çimərlik futbolu üzrə millimizin üzvü Elşad Manafov olub.