AZ

Azərbaycanın qlobal siyasi xəritədə mövqeləri hər ötən gün möhkəmlənir ŞƏRH

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 24 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində həyata keçirdiyi görüşlər və beynəlxalq tribunadan səsləndirəcəyi çıxış Azərbaycanın artan nüfuzunu və ölkəmizin qlobal siyasi-iqtisadi sistemdə strateji aktora çevrildiyini nümayiş etdirir.

Ən önəmli məqam odur ki, alternativ investisiyalar sahəsində dünyanın nəhəng idarəedici şirkətləri olan “Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone” kimi maliyyə qurumlarının rəhbərləri ilə görüşlərin təşəbbüsü qarşı tərəfdən gəlib. Bu, bir tərəfdən Azərbaycanın güclənən iqtisadi potensialına beynəlxalq maliyyə mərkəzlərinin artan marağının göstəricisi, digər tərəfdən ölkəmizin davamlı inkişaf modelinə və strateji sabitliyinə olan yüksək inamın təzahürüdür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

O bildirib ki, Azərbaycan bu gün etibarlı tərəfdaş, risklərin minimum olduğu, gələcəyin təhlükəsiz və dayanıqlı bazarı kimi dəyərləndirilir. Eyni zamanda, BMT Baş Assambleyası çərçivəsində keçirilən ikitərəfli görüşlərin qarşı tərəfin müraciəti ilə gerçəkləşməsi ölkəmizin beynəlxalq nüfuzunun hansı səviyyəyə yüksəldiyini sübut edir. Bu fakt Azərbaycan dövlətinə göstərilən etimadın və hörmətin real təsdiqidir. Qlobal miqyasda heç bir siyasi, iqtisadi güc təsadüfi maraq göstərmir. Marağın əsasında güclü liderlik, sabit inkişaf və düzgün strateji seçimlər dayanır.

“Sentyabrın 25-də Prezident İlham Əliyevin BMT Baş Assambleyasında gözlənilən çıxışı, xüsusilə əlamətdar olacaq. Böyük ehtimalla, çıxışın mərkəzində Azərbaycanın sülh gündəliyi dayanacaq. Azərbaycan illər boyu münaqişənin beynəlxalq hüququn normaları çərçivəsində, beynəlxalq təşkilatların qərarları əsasında həllini gözləsə də, real nəticə əldə olunmadı. Azərbaycan dövləti öz gücü ilə ədaləti bərpa etdi, ərazi bütövlüyünə nail oldu və bu gün regiona sabitlik və əməkdaşlıq imkanları gətirən başlıca qüvvəyə çevrilib.

Dövlətimizin başçısının sülhlə bağlı hər bir beynəlxalq tribunadan səsləndirdiyi fikirlər bütün dünyaya ünvanlanmış mesajdır. Məhz Azərbaycan müharibədən sülhə, qarşıdurmadan əməkdaşlığa aparan yolun nümunəsini təqdim edir. Bu, region üçün, qlobal siyasət üçün mühüm modeldir. Sülh prosesinin istiqamətini və real həll yolunu müəyyən edən tərəf məhz Azərbaycandır”, - deyə G.Ağamalı vurğulayıb.

Azərbaycanın qlobal siyasi xəritədə mövqelərinin hər ötən gün daha da möhkəmləndiyini deyən deputat əlavə edib: “Dövlətimizin başçısının həyata keçirdiyi çoxşaxəli diplomatik siyasət nəticəsində ölkəmiz enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, investisiya imkanları və sülh gündəliyi ilə dünya miqyasında mühüm aktora çevrilib. Bu səbəbdən, həm siyasi, həm də iqtisadi müstəvidə Azərbaycanın qarşısında yeni perspektivlər açılır, ölkəmizin strateji maraqları daha da güclənir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
55
1
azertag.az

2Mənbələr