AZ

"Prezidentin BMT-dəki görüşləri Azərbaycanın güclənən beynəlxalq mövqeyini göstərir" – Şakir Ağayev – ÖZƏL

"Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində indiyədək keçirdiyi görüşlər - qlobal biznes mərkəzlərinin rəhbərləri, enerji şirkətlərinin rəhbərləri, eləcə də müxtəlif ölkələrin prezidentləri ilə görüşlər - təbii ki, ölkəmizin BMT-də çox yüksək səviyyədə təmsil olunduğunu göstərir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, məsələn, dünən müxtəlif qitələrdən olan dövlət başçıları ilə görüşlər keçirilib. Bir tərəfdən İraqın prezidenti, digər tərəfdən Yunanıstanın prezidenti, həmçinin Finlandiyanın prezidenti ilə görüşlər buna nümunədir. Bu, müxtəlif qütblərə, fərqli qitələrə aid ölkələrin rəhbərlərinin Azərbaycanla təmaslarının, Azərbaycanın beynəlxalq imicinin və ölkəmizə olan marağın yüksək göstəricisidir. Xüsusilə 2020-ci ildə Vətən müharibəsindən sonra və 2023-cü ildə antiterror əməliyyatlarından sonra Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar ölkəmizin daha böyük gücə çevrilməsinə və söz sahibinə dönməsinə səbəb oldu. Bu proseslərdən sonra Azərbaycanın münasibətləri demək olar ki, ən yüksək səviyyəyə qalxdı.

Siyasi şərhçi qeyd edib ki, bütün bunlar Azərbaycanın artan beynəlxalq imicinin və nüfuzunun nəticəsidir ki, ölkəmizə və onun rəhbərinə isti münasibətlər var və müxtəlif ölkələrin rəhbərləri Azərbaycan Prezidenti ilə görüşmək istəyirlər.

"Şirkət rəhbərləri ilə keçirilən görüşlərə gəlincə, məlumdur ki, hazırda Rusiya-Ukrayna müharibəsi fonunda Avropa, Rusiya enerjisindən imtina edir. Bu şəraitdə Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən birinə çevrilib. Azərbaycan artıq Avropaya qaz ixrac edir, neft satır. İtaliya isə Azərbaycanın ən böyük neft alıcılarından biridir", - deyə ekspert vurğulayıb.

Ş. Ağayevin sözlərinə görə, bütün bunlar Azərbaycanın qlobal enerji siyasətində mühüm söz sahibinə çevrilməsinə gətirib çıxarır. Prezidentin enerji şirkətlərinin rəhbərləri ilə görüşləri də bu həqiqəti bir daha təsdiqləyir. Azərbaycan tərəfi də istəyir ki, bu enerji şirkətləri ölkəmizə investisiya qoysun. Enerji və qeyri-enerji sahələrinə yatırılan investisiyalar Azərbaycanın imkanlarını daha da genişləndirəcək. Bu isə ölkəmizə olan etimadın, xoş münasibətin, biznes üçün əlverişli mühitin təsdiqidir.

"Unutmaq olmaz ki, siyasət və iqtisadiyyat bir-biri ilə sıx bağlıdır. Azərbaycan isə hər iki sahədə sabit, etibarlı və mühüm çəkisi olan bir dövlətdir. Prezidentin BMT-də keçirdiyi görüşlər də bunu bir daha sübut edir və təsdiqləyir", - deyə siyasi şərhçi əlavə edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
olaylar.az

1Mənbələr