AZ

NİİM sürücülərə növbəti dəfə müraciət edib

Bakı, 24 sentyabr, AZƏRTAC

Nəqliyyat vasitəsini idarə edərkən düzgün manevr etməmək bəzən ağır yol-nəqliyyat hadisəsi ilə nəticələnir. Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində qeydə alınan bu qəza manevr etmə qaydalarını pozmağın nə qədər təhlükəli olduğunu göstərdi. Sürücünün həyatını itirdiyi bu hadisədən başqa sürücülər nəticə çıxarmalıdırlar. Müşahidələr göstərir ki, sürücülərin bir qismi hərəkət zamanı düzgün manevr etmirlər və ya manevr edən zaman sadəcə işıq siqnallarını yandırmaqla, üstünlüyün onlarda olduğunu zənn edirlər. Təəssüflər olsun ki, bununla özləri və digər nəqliyyat vasitələri üçün qəza riski yaradırlar.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sürücülərə müraciətində bildirilib.

Qeyd olunub ki, hər bir sürücü “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinə nəzər salmalı, göstərilən qaydalara xüsusi diqqətlə yanaşmalıdır. Belə ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. “Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Eyni zamanda, nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. NİİM sürücüləri yollarda qaydalara riayət etməyə və diqqətli olmağa çağırır”, - deyə müraciətdə vurğulanıb.

 

 

Seçilən
45
4
azertag.az

5Mənbələr