AZ

"Karvan-Yevlax" futbolçuların maaş almaması barədə xəbərlərə aydınlıq gətirdi

BAKI, 24 sentyabr. TELEQRAF

"Karvan-Yevlax" klubu futbolçuların maaş almaması barədə yayılan xəbərlərlərlə bağlı bəyanat yayıb.

Klubun mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, Yevlax təmsilçisi bu iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb.

"Komandamız Misli Premyer Liqasının 6-cı turunda "Neftçi" futbol klubu ilə baş tutacaq görüşə hazırlıqlarını davam etdirir. Komandamızın üzvləri gün ərzində iki dəfə təşkil olunan məşq prosesində məşqçilərin verdiyi tapşırıqları yüksək səylə yerinə yetirirlər. Məşqlərimiz “Karvan” futbol klubunun məşq bazasında baş tutur. Qeyd edək ki, komandamızın maliyyə ilə bağlı heç bir problemi yoxdur. Klubumuzun üzvlərinin əmək haqqları ştat cədvəlinə uyğun olaraq sentyabrın 3-də rəhbərliyimiz tərəfindən tam şəkildə ödənilib. Bununla yanaşı, "Qəbələ" klubu ilə heç-heçə və "Kəpəz" komandası üzərində qazanılan qələbəyə görə klub rəhbərliyi tərəfindən futbolçular, məşqçilər və inzibati heyətə mükafatlar da verilib. Azarkeşlərimizi və futbol ictimaiyyətini dəqiqləşdirilməmiş, klubun imicinə zərər vuran, əsassız və yalan xəbərlərə etibar etməməyə çağırırıq", - deyə məlumatda bildirilir.

Seçilən
13
1
teleqraf.com

2Mənbələr