AZ

Payız gəldi, dərd də gəldi: Havalar soyuyur, immunitet düşür

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qrip, bronxit və baş ağrıları - çağırılmamış qonaq kimi qapıları döyür

Dietoloq payızda xəstəliklərdən qorunmağın sirlərini açıqlayıb

Payızın gəlişi sağlamlıq və sağlam yaşam məsələsini aktuallaşdırıb. Havaların nisbətən soyuması ilə bədənin müqaviməti də azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır. Payızda daha çox rast gəlinən xəstəliklərə qrip (influenza), respirator virus infeksiyaları, bronxit, tonzillit kimi tənəffüs yolları infeksiyaları daxildir. Eyni zamanda havaların soyuması, yağışlı günlərin artması, rütubəti də artırır ki, bu da revmatizm, oynaq ağrıları olanları narahat edir. Bəzi xroniki xəstəliklər də payızda özünü daha çox büruzə verir. Payızda qorunaq, qışda xəstələnməyək, məsəlinə əməl etmək üçün nə lazımdır? Payız fəslində xəstəliklərə məruz qalmanın ilkin səbəblərindən biri insanların təmiz havada, gəzintidə daha az olmalarıdır. 

Bu barədə Türkiyənin Hacettepe Universitetinin dietologiya üzrə mütəxəssisi, doktor Dilara Koçak danışıb. D.Koçak qeyd edib ki, insanlar payızda daha az təmiz havaya çıxır, otaqları yay fəslində olduğunun əksinə, tez-tez havalandırmırlar. Pəncərələrin davamlı bağlı saxlanması, mənzilin havalandırılmaması "məişət" allergenlərini aktivləşdirir: 

“Həmçinin, insanların bir çoxunda oynaqlarda ağrı və iltihabın kəskinləşməsi qeydə alınır. Bu da temperaturun və atmosfer təzyiqinin dəyişməsi ilə bağlıdır. Ən çox görülən mövsümi xəstəliklərdən biri də depressiyadır. Payızda havalar soyuyur, yağış yağmağa başlayır, gündüz saatları sürətlə azalır. Bu amillər də depressiya, yuxusuzluq, yorğunluq hissinə səbəb olur. Bundan əlavə, payızda insanlar hava dəyişikliyi ilə bağlı baş ağrılarından, ürək-damar xəstəliklərinin kəskinləşməsindən və təbii ki, qripdən şikayət edirlər. Mütəxəssislər məsləhət görür ki, epidemiya mövsümü başlamazdan əvvəl qripə qarşı peyvənd olunmaq lazımdır”. D.Koçak bildirib ki, havalar soyumağa başlayıb, payız varlığını hiss etdirir. Payızı nə qədər yaxşı keçirsəniz, bir o qədər yaxşı qış olacaq: “Bu dövrdə həm payızın aşağı enerji səviyyələrini artırmaq, həm də immunitet sistemini gücləndirmək üçün qidalanmaya diqqət yetirmək vacibdir. Oynaq ağrıları, depressiya, yuxusuzluq və ya baş ağrıları kimi problemlər yaşayırsınızsa, narahat olmayın. Yaz yorğunluğu dediyimiz bu vəziyyət maddələr mübadiləsində müəyyən dəyişikliklərə səbəb ola bilər. Bunun kiçik dəyişikliklərlə qarşısını almaq olar”. 

D.Koçak payız fəsli üçün xüsusi menyu təklif edir: 

- Günə səhər yeməyi ilə başlayın və səhər yeməyində proteinlə zəngin qidalar qəbul etməyə çalışın. Səhər isti duş qəbul edin. Yatmazdan əvvəl və səhər oyanarkən otağınızı havalandırdığınızdan əmin olun. Oksigen enerji səviyyənizi artıra bilər. Gün ərzində müntəzəm yemək yediyinizə əmin olun. Üç əsas yemək və bir və ya iki qəlyanaltı yeməklə daha enerjili qala bilərsiniz. Şəkər və yağ faizi yüksək olan qidalar enerjinizi tez tükədə bildiyi üçün təzə və ya qurudulmuş meyvə, dənli bitkilərin toxumları, evdə hazırlanmış peçenye və ya qatıq kimi qəlyanaltılara üstünlük verin. B və C vitaminləri, maqnezium və kalium qəbulunuzu nəzərdən keçirin. Hər gün təzə meyvə və tərəvəz yeyin. Onların tərkibindəki lif bağırsaq sağlamlığınızı, vitamin və mineralları isə immunitet sisteminizi dəstəkləyəcək. Təmizlənmiş ağ qidalar əvəzinə tam buğda, çovdar və kəpək kimi təmizlənməmiş bütün taxıllı ərzaqlara üstünlük verin. Omeqa-3 ilə zəngin qızılbalıq yaddaşınızı gücləndirə və enerjinizi artıra bilər. Onun sağlam yağları da qan təzyiqinizi və xolesterini azaltmağa kömək edə bilər. Antioksidan vitaminlər və minerallar orqanizmə maddələr mübadiləsi nəticəsində yaranan zərərli maddələri aradan qaldırmağa kömək edir. Antioksidant vitaminlərə A, C və E vitaminləri, antioksidan minerallara isə selenium və sink daxildir. Qəlyanaltı olaraq bitki çaylarına və ya qatığa darçın əlavə etməyə çalışın. Bir çay qaşığı darçın şirniyyata olan həvəs və istəkləri dəf etməyə kömək edəcək. Həftədə ən azı üç gün  gəzintiyə çıxın. Aktiv həyat tərzi sizi yorğunluqdan qoruyacaq. Payız fəslində müntəzəm yuxu vaxtlarını dəqiq təyin etməli və bu vaxtlara sadiq qalmalısınız. Kifayət qədər yuxu gün ərzində enerjili qalmağınıza kömək edəcək. Gündə ən az altı saat yatmağı hədəfləyin. Avokado, badam, fındıq, qoz və kokos kimi sağlam yağlar gün ərzində enerjinizi qorumağa kömək edir. Bunları salatlarınıza və qatıqlarınıza qəlyanaltı kimi əlavə etməyi unutmayın. Quru və mineral çatışmazlığı gün ərzində baş ağrısı, konsentrasiyanın olmaması, yorğunluq kimi problemlərə səbəb ola bilər. Odur ki, gün ərzində mütləq ən azı 2-2,5 litr su və 1-2 butulka mineral su istehlak edin.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
sherg.az

1Mənbələr