Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis ilə görüş keçirib.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib.
"Nazirlər görüşdə Azərbaycan-İsveçrə əməkdaşlığının mövcud vəziyyətini və perspektivlərini nəzərdən keçirərək siyasi dialoqun gücləndirilməsinin, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar. Onlar həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi apararaq davamlı dialoq və tərəfdaşlığa sadiqliklərini bir daha təsdiqləyiblər", - XİN-in paylaşımında bildirilib.