AZ

"Suriya prezidentinin ABŞ-da gözlənilməz populyarlıq qazanıb" - "Arab News"

"Suriyalıların içində ölkəni sarsıdan inqilabdan sonra İsrailin hücumlarına qarşı böyük qəzəb mövcuddur..."

Suriya prezidenti Ahməd əş-Şaraa - keçmiş "Əl-Qaidə" lideri və dekabr ayında Bəşər Əsəd rejimini devirən qüvvələrin başçısı bu günlərdə ABŞ-da gündəmin əsas fiqurlarından birinə çevrilib.

Moderator.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Arab News" nəşri yazıb.

BMT-də yeni sima

Suriya prezidentinin BMT Baş Assambleyasının 80-ci sessiyasına qatılması və burada səsləndirdiyi bəyanatlar, xüsusilə də İsrailə qarşı kəskin mövqeyi Amerika mediasında geniş müzakirə olunur. Nəşr yazır ki, "illər sonra ilk dəfə suriyalı lider BMT tribunasında çıxış edəcək və ABŞ-ın yüksək ranqlı rəsmiləri ilə görüşəcək".

Vaşinqtonla görüşlər

Əş-Şaraa ABŞ-ın Xövlət katibi Marko Rubio ilə görüşərək Suriya-İsrail münasibətlərini müzakirə edib. Dövlət Departamentinin nümayəndəsi Tommi Piqottun sözlərinə görə, Rubio Dəməşqi "suveren və sabit dövlət qurmaq üçün yaranmış tarixi fürsəti qaçırmamağa" çağırıb. Bundan başqa, prezident Nyu-Yorkda keçirilən "Konkordiya" sammitində Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreusla da danışıqlar aparıb.

Avraam sazişlərinə şübhə

Jurnalistlərə açıqlamasında Əş-Şaraa birbaşa cavab verməsə də, Suriya ilə İsrail arasında münasibətlərin Avraam sazişləri (2020-ci ildə BƏƏ, Bəhreyn və Mərakeşin İsraillə normallaşma prosesi) kontekstində inkişaf etməsinin qeyri-mümkünlüyünü vurğulayıb: "Suriyanın vəziyyəti fərqlidir. O dövlətlər İsrailin qonşusu deyil. Biz isə min dəfədən çox hava zərbəsi və hücumla üzləşmişik. İsrailin Colan yüksəkliklərindən etdiyi hərbi əməliyyatlar nəticəsində yüzlərlə insan həlak olub".

"Qlobal qəzəb" və Qəzza amili

Suriya lideri əlavə edib ki, İsrailə etibar etmək çətindir, çünki o, hətta sülh sazişləri imzaladığı Misir və İordaniya ilə də dəfələrlə razılaşmaları pozub. Ən önəmli vurğusu isə Qəzzadakı müharibə ilə bağlı olub: "Böyük narazılıq yalnız Suriyada deyil, bütün dünyada var. İsrailin Qəzzada törətdikləri xalqları qəzəbləndirir və bu, bizim mövqeyimizə birbaşa təsir edir". Əş-Şaraa deyib ki, suriyalıların içində "ölkəni sarsıdan inqilabdan sonra İsrailin hücumlarına qarşı böyük qəzəb" mövcuddur.

Sülhün yolları

Maraqlıdır ki, bütün sərt çıxışlarına baxmayaraq, Əş-Şaraa diplomatik yolun açıq qaldığını da bildirib. O, 1974-cü il atəşkəs sazişini yada salaraq ABŞ kimi vasitəçilərin hələ də vacib rol oynadığını vurğulayıb. "Bizim hədəfimiz ilin sonuna qədər İsraillə təhlükəsizlik razılaşmasına nail olmaqdır. Ümid edirəm ki, bu saziş həm Suriyanın suverenliyini qoruyacaq, həm də İsrailin təhlükəsizlik narahatlıqlarını azaldacaq", - o, deyib.

ABŞ ictimaiyyətində rezonans

Əş-Şaraanın çıxışları ABŞ-da gözlənilməz rezonans doğurub. Bir tərəfdən, onun keçmiş "cihadçı" imici Vaşinqtonda şübhə ilə qarşılanır. Digər tərəfdən isə, Suriyada Əsədin devrilməsindən sonra yaranan yeni siyasi reallıq və Şaraanın "xalqın səsini təmsil etdiyini" iddia etməsi bəzi dairələrdə ona marağı artırır. Amerikanın siyasi analitikləri hesab edir ki, Suriyanın yeni lideri İsrail məsələsində kəskin mövqeyi ilə ərəb küçəsinin emosiyalarını əks etdirir, lakin Qərbə "müzakirə qapısını açıq" saxlamaqla reallıq siyasəti yürütməyə çalışır.

Seçilən
16
2
moderator.az

3Mənbələr