Bakı, 23 sentyabr, AZƏRTAC
Dost və qardaş Azərbaycanla birgə investisiya layihəsinin həyata keçirilməsindən dərin məmnunluğumu ifadə etmək istəyirəm. Qazaxıstanı Azərbaycanla qədim tarixi və mədəni əlaqələr birləşdirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Fonte GreenMet Investments Fund OEIC” şirkətinin Baş direktoru Erjan Musin Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda söyləyib.
O deyib: "Əminəm ki, “Daşkəsən Dəmir Filiz” MMC ilə tərəfdaşlıq əsasında idarə olunacaq “Azerbaijan Metal Company” birgə müəssisəsi “Fonte GreenMet Investments Fund”un xarici investisiya layihələri arasında xüsusi strateji yer tutacaq və investisiya portfelimizin mühüm tərkib hissəsinə çevriləcək. Bu əməkdaşlıq təkcə iqtisadi sahədə deyil, həmçinin elmi-texniki biliklərin mübadiləsi, müasir texnologiyaların tətbiqi və birgə innovativ istehsalın təşkili baxımından da geniş imkanlar açır. Layihənin həyata keçirilməsi Azərbaycanın yüksəkkeyfiyyətli metallurgiya məhsulları istehsalçısına çevrilməsinə, bununla da bütün Qafqaz regionunun sənaye xəritəsində yeni mərhələnin başlanmasına şərait yaradacaq".
Baş direktor vurğulayıb ki, Azərbaycanın davamlı iqtisadi islahatlara sadiqliyi, sabit investisiya mühiti, geostrateji mövqeyi və zəngin təbii potensialı xarici investorlarla uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq üçün son dərəcə əlverişli imkanlar yaradır. “Fonte GreenMet” şirkəti bu əməkdaşlığı yalnız bir layihə çərçivəsində deyil, həm də strateji tərəfdaşlıq platforması kimi qiymətləndirir. “Biz gələcəkdə digər sahələrdə də birgə investisiyalarda iştirak etməkdə maraqlı olduğumuzu vurğulamaq istəyirik”, - deyə o əlavə edib.