AZ

Konstitusiya Məhkəməsinin Plenumunda ombudsmanın sorğusu əsasında konstitusiya işinə baxılıb

Bakı, 23 sentyabr, AZƏRTAC

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məhkəmə iclasında İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) sorğusu əsasında Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.23-cü, 2013-cü il 26 dekabr tarixli 354 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.24-cü və 2022-ci il 9 mart tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili Qaydası”nın 3.2.25-ci yarımbəndlərinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, lll–V hissələrinə, 41-ci maddəsinin I hissəsinə, 42-ci maddəsinin I hissəsinə, 71-ci maddəsinin l və ll hissələrinə və 149-cu maddəsinin I, III və V hissələrinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Tutayukun məruzəsini, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Elm və Təhsil Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təqdim edilən mütəxəssis mülahizələrini, ekspertlər - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının dosenti, hüquq elmləri doktoru A.Qədirovun, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru G.Cəbinin rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Nazirlər Kabinetin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.23-cü, 2013-cü il 26 dekabr tarixli 354 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.24-cü və 2022-ci il 9 mart tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili Qaydası”nın 3.2.25-ci yarımbəndləri Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, lll–V hissələri, 41-ci maddəsinin I hissəsi, 42-ci maddəsinin I hissəsi, 71-ci maddəsinin l və ll hissələri və 149-cu maddəsinin I, III və V hissələri ilə ziddiyyət yaratmır.

Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin I, IV hissələrinin və 149-cu maddəsinin I hissəsinin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, orta ixtisas və peşə təhsili müəssisələrində üzrlü səbəblərə görə fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbələrin təhsil hüquqlarının təmin edilməsi üçün bu Qərarda göstərilən Qaydaların təkmilləşdirilməsi Nazirlər Kabinetinə tövsiyə edilib.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Seçilən
1
1
azertag.az

2Mənbələr