AZ

"ABŞ-də məşhur şirkətlərin rəhbərləri Prezident İlham Əliyev ilə görüşüb müzakirələr aparmağa böyük maraq göstərirlər" - RƏY

“Azərbaycan Prezidenti İlham Əliyevin xarici səfərləri bir qayda olaraq kifayət qədər geniş və məhsuldar gündəliyi ilə diqqət çəkir. Bu baxımdan dövlətimizin başçısının Nyu-Yorka işgüzar səfəri də istisnalıq təşkil etmir. Səfər çərçivəsində Prezident İlham Əliyevin sentyabrın 22-də Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey, “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker, “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt ilə görüşü baş tutub. Bu görüşlərdə aktual müzakirələr aparılıb və dövlətimizin başçısı ölkəmizin müsbət reallıqlarını diqqətə çatdırıb.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Samir

Deputat qeyd edib ki, bəhs olunan görüşlər qarşı tərəfin istəyi əsasında baş tutub: “Bu da təsadüfi deyil. Dövlətimizin başçısı daim qlobal çağırışlar qarşısında beynəlxalq həmrəylik təşəbbüslərindən çıxış edir və bu da ona praqmatik, müasir baxışlara malik Lider kimi böyük nüfuz qazandırıb. Məhz buna görə də xarici ölkələrə səfərlər zamanı ayrı-ayrı ölkələrin və beynəlxalq təsisatların, məşhur şirkətlərin rəhbərləri ölkəmizin başçısı ilə görüşüb müzakirələr aparmağa böyük maraq göstərirlər. Burada digər bir vacib məqam Azərbaycanın nümunəvi inkişaf modelinə malik olması ölkəmizdəki sabitlik və təhlükəsizlik mühiti ilə bağlıdır. Son 20 ildən artıq müddətdə respublikamızda Prezident İlham Əliyevin imzaladığı çoxsaylı sənədlər əsasında ardıcıl islahatlar aparılıb, bütün ölkə boyunca tarazlı inkişafa nail olunub, özəl sektorun fəaliyyəti üçün optimal mühit yaradılıb. Bu gün Azərbaycanda iqtisadi inkişaf üçün bütün şərtlər yüksək səviyyədə təmin olunub. Hər 3 şirkət dünyanın ən böyük maliyyə qurumları sırasında yer alır. Onlar kifayət qədər böyük büdcəyə malikdirlər və dünyanın ayrı-ayrı ölkələrində davamlı fəaliyyətlər həyata keçirirlər. Açıq deyək ki, bu şirkətlərlə əməkdaşlıq etmək arzusunda olan dövlətlərin sayı da kifayət qədər çoxdur. Ancaq həmin şirkətlər öz nüfuzlarını qorumaq və təbii ki, qazanc əldə etmək üçün seçim edirlər. Hər üç şirkətin rəhbər şəxslərinin Azərbaycan Prezidenti ilə görüşmək istəklərini ifadə etmələri və baş tutan görüşlərdən məmnun qalmaları ondan xəbər verir ki, dünyanın aparıcı şirkətləri seçimlərini məhz respublikamızla edirlər. Onlar öz seçimlərində heç vaxt yanılmırlar. Azərbaycan beynəlxalq əməkdaşlıqda bir qayda olaraq ədalətli yanaşmalar ortaya qoyur. Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında dəfələrlə ölkəmizin qətiyyətli mövqeyini ifadə edərək bildirib ki, tərəfdaşlıq qarşılıqlı maraqlara əsaslanmalıdır və bütün tərəflər bundan fayda götürməlidir”.

 

Deputat beynəlxalq səviyyəli şirkətlərin ölkəmizə marağını şərtləndirən başqa bir məqama da diqqət çəkib: “Bu, Azərbaycanın əlverişli investisiya mühitinə malik olması reallığıdır. Xatırlayaq ki, müstəqilliyimizin ilk illərində Azərbaycan xarici investorlar üçün cəlbedici deyildi, beynəlxalq səviyyədə ölkəmizə inam hədsiz dərəcədə zəif idi. İndi isə mənzərə tamam fərqlidir. İldən-ilə artan müsbət reallıqlar, hüquqi bazanın möhkəmləndirilməsi, investisiyaların qorunmasına yüksək təminatlar verilməsi, əlverişli coğrafiya, yaradılan müasir infrastruktur, şəffaflığın yüksək səviyyədə təmin olunması xarici sərmayədarların ölkəmizə marağını artıran faktorlar qismində çıxış edir. Bu kimi amillərə görədir ki, 2004-2024-cü illər ərzində Azərbaycan iqtisadiyyatına 344,4 milyard dollar həcmində  investisya yönəldilib. Bunun da təxminən yarısı xarici mənbələrdən yönəldilən investisiyalardır.  Müstəqilliyimizin ilk illərində xarici investisiyalar əsasən, Azərbaycanın neft sənayesinə yönəldilirdi. “Əsrin müqaviləsi” bu yolda uğurlu bir başlanğıc oldu. Sonrakı mərhələdə isə Azərbaycan neft gəlirlərindən istifadə etməklə qeyri-neft sektorunun inkişafını hədəflədi. Bu məqsədlə geniş əhatə dairəsinə malik olan tədbirlər görüldü, təşviq işi aparıldı, özəl sahibkarlıq subyektlərinə hərtərəfli dövlət dəstəyi göstərildi. Dövlət qayğısının nəticəsi olaraq özəl sektor, o cümlədən də qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının mühüm istiqamətlərindən birinə çevrilib. Təkcə belə bir faktı vurğulamaq yerinə düşər ki, 2004-2024-cü illər ərzində milli iqtisadiyyatımıza qoyulan sərmayələrin əhəmiyyətli hissəsi və ya 213,2 milyard dolları qeyri-neft sektorunun inkişafına yönəldilib. Bu, investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir”.

 

S.Vəliyev indiki mərhələdə Azərbaycanın texnoloji inkişafa xüsusi önəm verdiyinə də diqqət çəkib: “Müasir inkişaf yolu tutan Azərbaycan 4-cü sənaye inqilabının hədəflərinə doğru inamlı addımlar atır.  Son illərdə Azərbaycanda xarici investorlar üçün yeni fəaliyyət istiqamətləri açılıb. Bərpa olunan enerji sektoru buna misaldır. Xəzər sahillərində, Naxçıvanda, işğaldan azad olunmuş ərazilərdə zəngin bərpa olunan enerji potensialı var. Azərbaycan dost ölkələrin şirkətləri ilə bu potensialdan səmərəli şəkildə istifadə etmək niyyətindədir. Artıq prosesə start verilib. Xarici şirkətlərlə imzalanan müqavilələr çərçivəsində bəzi layihələrin icrası tamamlanıb. Post-müharibə dövründə işğaldan azad olunmuş ərazilərdə böyük həcmli quruculuq-abadlıq işləri həyata keçirilir. Həmin ərazilərin iqtisadi potensialı böyükdür və dost ölkələrin şirkətləri də burada investisiya fəaliyyətlərini genişləndirə bilərlər”.

 

Aytəkin Qardaşova

Tarix: 23 Sentyabr 2025, 17:26   
Seçilən
1
3
pravda.az

4Mənbələr