AZ

Azərbaycanda atalara xoş xəbər: Artıq onlar da…

ain.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Atalar da övladlarının ilk günlərində yanında olacaq. 

Belə ki, Azərbaycanda ödənişli atalıq məzuniyyəti nəzərdə tutan qanun layihəsi hazırlanır. 

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Qadınlara dair Dördüncü Dünya Konfransının 30 illiyinə həsr olunmuş Yüksək Səviyyəli İclasda çıxış edib. 

Hazırkı qanunvericiliyə görə, kişilərə yalnız 14 günədək ödənişsiz məzuniyyət verilir ki, bu da çox vaxt yetərli sayılmır. 

Yeni layihə atalara real dəstək verilməsini, ailədə valideyn məsuliyyətinin balanslaşdırılmasını və uşaqların inkişafına müsbət təsirin artırılmasını hədəfləyir. 

Ekspertlər bildirir ki, ödənişli atalıq məzuniyyətinin tətbiqi ailə institutunun möhkəmlənməsinə və uşaqların psixoloji inkişafına mühüm töhfə verə bilər. Ataların uşaqları ilə daha çox vaxt keçirməsi yalnız uşağın inkişafına deyil, həm də ailədə gender balansının bərpasına müsbət təsir göstərir. Bir sıra ölkələrdə bu təcrübə artıq uğurla tətbiq olunur. İsveç, Norveç, Finlandiya – ən geniş tətbiq olunan ölkələrdir. 

Araşdırmalar göstərir ki, ödənişli atalıq məzuniyyəti olan ölkələrdə uşaqların və ailələrin rifah göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşır. Körpələr daha çox qayğı və diqqət aldığı üçün sağlamlıq problemləri daha az olur. 

Eyni zamanda analarda doğum sonrası depressiya halları azalır, ailə daxilində stress səviyyəsi aşağı düşür və valideynlər arasında məsuliyyət daha bərabər paylanır. Ödənişli atalıq məzuniyyətinin iqtisadi faydaları da var. Çünki ailələrdə stressin azaldılması və uşaqların sağlam böyüməsi cəmiyyətin ümumi sosial stabilliyinə müsbət təsir göstərir.

Yeni qanun layihəsinin yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

Şahanə Ziyad

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
azxeber.com

1Mənbələr