AZ

Ayıların kəndlərə hücum səbəbi bu imiş… – Zooloq AÇIQLADI

Qubanın Səbətlər kəndində ayılar mal-qaraya hücum edib. Hadisə zamanı kənd sakinlərinə məxsus camış və inək parçalanıb. Yerli əhali kəndin içərilərində də ayı izlərinə rast gəldiyini bildirib.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a açıqlama verən Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov deyib ki, hadisənin əsas səbəblərindən biri ekoloji şəraitdir:

“Əsas faktor həmin ərazilərdə meşələrin qırılmasıdır. Ayılar, əsasən, sıx meşəlik olan sahələrdə yaşayır. Güman ki, hücum etdikləri ərazi əvvəllər onların məskunlaşdığı yerlərdən biri olub. Hazırda isə insanların məskunlaşması, ağacların qırılması və iaşə obyektlərinin qurulması bu prosesləri sürətləndirir. Xüsusilə zibil qablarının düzgün quraşdırılmaması qoxuların ətrafa yayılmasına səbəb olur və yırtıcı heyvanları həmin ərazilərə çəkir. Eyni zamanda, qida çatışmazlığı səbəbindən ayılar yaşayış məntəqələrinə üz tutur”.

Ekspert bildirib ki, heyvanların təbii yaşayış mühiti məhv edildikcə bu halların davam edəcəyi qaçılmazdır:

“Heyvanlar həmin ərazilərə insan yeməyə gəlmirlər. Bunun qarşısını almaq üçün ayıların yaşayış yerini əlindən almaq lazım deyil. İnsan özü yaşayış yerini verməyə razı olmaz, heyvan da elədir. Ona görə də sakinlər bütün zərərli halların qarşısını almağı bacarmalıdır. Bir az da davam etsə, insanlarla heyvanlar yanaşı yaşayacaq. Əhalinin saxladığı qoyun, keçi, inək kimi heyvanların xüsusi qoxusu da yırtıcıların diqqətini cəlb edir. Ayılar ac qaldıqca daha da aqressivləşirlər. Amma insan özünü aqressiv aparmasa və heyvana qarşı təhlükəli addım atmasa, ayı heç vaxt onlara hücum etməz”.

Onun sözlərinə görə, məsuliyyət təkcə əhalinin üzərinə düşmür:

“Belə yerlərdə yaşayan insanlar bilməlidirlər ki, qonşuluqlarında yırtıcı heyvanlar var və təhlükəsizlik tədbirlərini buna uyğun qurmalıdırlar. Xüsusən zibilxana qoxusundan ehtiyatlı olmaq lazımdır. İnsan bütün səbəbləri özündə axtarmalıdır. Eyni zamanda Ekologiya Nazirliyi də meşəlik əraziləri qorumalı, orada iaşə obyektlərinin qurulmasının qarşısını almalıdır”.

Seçilən
8
5
konkret.az

6Mənbələr