AZ

“Niyə də 40 bal olmasın?” - müəllim sertifikasiya müsahibəsindən DANIŞDI

Sentyabrın 16-dan etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə başlanılıb.

AzEdu.az Təhsil Portalı olaraq bu münasibətlə sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edən müəllimlərin təəssüratlarını öyrənməyə çalışıb. Onlardan biri də Lamiyə Vəliyeva İsmayıl qızıdır.

Belə ki, o, ötən gün sertifikatlaşdırmanın müsahibə mərhələsində informatika fənni üzrə imtahana qatılıb:

"İnformatika müəllimi kimi 5 ildir fəaliyyət göstərirəm. Sumqayıt Dövlət Universitetinin Riyaziyyat-informatika müəllimliyi ixtisasını (2015–2020-ci illər) bitirmişəm. Eyni zamanda Azərbaycan Dövlət Aqrar Universitetində İnformasiya texnologiyaları ixtisası üzrə magistratura (2020–2022-ci illər) təhsili də almışam.

Həmçinin, 2020-ci ildə MİQ müsabiqəsindən sonra həvəsləndirmə tətbiqi olan bir məktəbdə çalışmışam. 3 ildən sonra yerdəyişmə ilə Qazax rayonu 2 nömrəli tam orta məktəbdə fəaliyyət göstərməyə başlamışam.

Bu il keçirilən müəllimlərin sertifikatlaşdırılması imtahanı üzrə 59 bal toplamışam. Ötən gün keçirilən müsahibə mərhələsi mənim üçün rahat keçdi. Heç bir çətinliklə qarşılaşmadım. Düşünürəm ki, suallar yerində idi. Komissiya üzvləri də çox gülərüz, səmimi insanlar idi. Müsahibə 3–5 dəqiqə çəkdi. Heç bir texniki problem də baş vermədi, rahat şəkildə bir-birimizi eşidirdik.

Düşünürəm ki, cavablarımdan razı qalıblar. Sertifikatlaşdırmanın test mərhələsində əldə etdiyim bir uğur kimi nəticə gözləyirəm. Fikirləşirəm ki, niyə də 40 bal olmasın?

Ümumiyyətlə, sertifikatlaşdırma imtahanının keçirilməsini çox müsbət dəyərləndirirəm. Hesab edirəm ki, bu, atılmış ən yaxşı addımlardan biridir. Müəllimin potensialının üzə çıxarılmasında mühüm rola malikdir. Həyəcanlanacaq, stress yaşadılacaq bir imtahan deyil. Müsahibə mərhələsi düşündüyümdən də rahat idi".

Seçilən
12
azedu.az

1Mənbələr