AZ

Emin Hüseynov: Azad olunmuş ərazilərdə 5 mərhələli bərpa prosesi həyata keçirilir

BAKI, 23 sentyabr. TELEQRAF

Son beş ildə Azərbaycan bərpaetmə prosesi vasitəsilə bir növ özünü öyrənmə, özünü kəşf etmə mərhələsini keçdi. Bugün gördüklərimiz əslində həyata keçirilən işlərin bəlkə də cəmi 10%-dir. Məncə, indiyədək öyrəndiyimiz ən vacib dərslərdən biri odur ki, biz yeni bir bacarıq, yeni bir səriştə əldə etdik.

Çox unikal olan bu təcrübə gələcəkdə müharibədən zərər görmüş bir çox zonaların kontekstində çox faydalı ola bilər. Tamamilə dağıdılmış, uzun müddət məhv olmuş yaşayışı necə bərpa etmək olar – bunu həm səmərəli, həm effektiv, həm də davamlılığı təmin edəcək şəkildə necə həyata keçirmək olar – bu, çox vacib dərsdir.

Teleqraf xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) bildirib.

O qeyd edib ki, bərpa prosesi zamanında bir çox beynəlxalq təcrübələrə, ən yaxşı praktik nümunələrə baxılıb:

“Biz gördük ki, Azərbaycana birbaşa tətbiq edilə biləcək vahid bir model yoxdur. Ona görə də biz öz yanaşmamızı ixtira etməli olduq. Əslində, Prezident İlham Əliyevin etdiyi də məhz budur – o, konkret bir yol xəritəsi ilə başladı. Bu yol xəritəsi beş mərhələdən ibarət bir yanaşmanı ehtiva edir. Birinci mərhələ planlaşdırmadır.

Planlaşdırma çox vacibdir və biz mümkün qədər çox vaxtı planlaşdırmaya sərf edirik. Bu, əsla boşa getmir, çünki düzgün plan olduqda icra da ardınca gəlir. Plan nə qədər düşünülmüş olarsa, prosesdə bir o qədər az dayanma, az səhv olur. Təbii ki, heç kim səhvdən sığortalanmayıb, amma düzgün planlaşdırma riski minimuma endirir”.

Emin Hüseynov əlavə edib ki, sonrakı dörd addım isə əvvəlkinin üzərində qurulub:

“İkinci mərhələ minalardan təmizləmədir. Bildiyiniz kimi, azad olunmuş ərazilərdə qarşılaşdığımız ən böyük çağırışlardan biri də məhz budur. Minalardan təmizləmə irəlilədikcə, növbəti mərhələdə əsas infrastruktur barədə düşünmək lazım gəldi. Daha sonra sosial-iqtisadi infrastruktur qurulur və nəhayət, keçmiş məcburi köçkünlərimizin doğma torpaqlarına Böyük Qayıdışı baş verir.

Bu beşmərhələli yanaşma çox önəmlidir və məncə, biz son beş ildə bütün bu mərhələlər üzrə əhəmiyyətli, böyük irəliləyişlər əldə etmişik. Proses davam edir, amma artıq təxminən 50 min insanın azad olunmuş ərazilərdə yaşadığını və çalışdığını söyləyə bilərik. Yeni şəhərlər, yeni kəndlər, məhəllələr, qəsəbələr, iqtisadi fəallıq - qısaca desək, Qarabağa həyat qayıdır”.

Seçilən
55
teleqraf.com

1Mənbələr