Azərbaycan Respublikasının Ombudsman (İnsan hüquqları üzrə müvəkkili) Aparatında Milli Preventiv Qrupun (MPQ) üzvləri ölkəmizdə səfərdə olan Avropa Şurasının İşgəncələrin qarşısının alınması üzrə Komitəsinin (CPT) nümayəndələri ilə görüş keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya bildirilib ki, görüş zamanı ölkədə insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən hüquqi islahatlar, ombudsmanın mandatı, o cümlədən Milli Preventiv Mexanizm (MPM) qismində fəaliyyəti, qanunvericiliyin təkmilləşdirilməsi sahəsində görülmüş işlər, əldə edilmiş müsbət təcrübələr haqqında ətraflı məlumat verilib.
Qeyd edilib ki, ombudsmanın MPQ üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə müntəzəm şəkildə başçəkmələr davam etdirilir, mövcud şəraitin daha da təkmilləşdirilməsi istiqamətində tövsiyələr verilir, bu sahədə səlahiyyətlərə malik dövlət qurumlarının əməkdaşları üçün maarifləndirmə tədbirləri təşkil olunur. Eyni zamanda, müvafiq beynəlxalq təşkilatlar, dövlət orqanları, vətəndaş cəmiyyəti institutları, xarici ölkələrin MPM-lərlə yaradılmış səmərəli əməkdaşlıq əlaqələri barədə məlumat verilib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.