Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycanın dünyamiqyaslı kimyaçı alimi, pedaqoq, maarifçi, ictimai xadim akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyi münasibətilə Prezidentin müvafiq Sərəncamına əsasən dekabrın 3-4-də Bakı Konqres Mərkəzində “Akademik Yusuf Məmmədəliyev: Elm, İrs və İnnovasiyalar Konfransı” keçiriləcək.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, konfrans Elm və Təhsil Nazirliyi, Akademik Yusif Məmmədəliyev Fondu və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə baş tutacaq.
Müasir dövrdə neft məhsullarına artan qlobal tələbat və mövcud ehtiyatların azalması fonunda ekoloji cəhətdən təhlükəsiz və iqtisadi baxımdan səmərəli yeni istehsal texnologiyalarının işlənməsi mühüm əhəmiyyət daşıyır. Konfrans alim və mütəxəssislərə mövcud texnologiyaların problemlərini müzakirə etmək, onların effektiv həlli yollarını təqdim etmək və əldə olunan nailiyyətləri elmi ictimaiyyətlə bölüşmək imkanı yaradacaq.
Tədbirdə neft emalı və neft-kimya sintezi məhsullarının istehsalı və emal texnologiyaları, neft emalı və neft-kimya proseslərində kataliz, bu proseslərin ekoloji problemləri, həmçinin neftçıxarma və neft emalı sənayesində nanotexnologiyaların və nanomaterialların tətbiqi mövzularında elmi müzakirələr aparılacaq.
Konfrans çərçivəsində yuxarıda qeyd olunan istiqamətlər üzrə ingilis dilində məqalələrin qəbulu həyata keçiriləcək.
Məqalələrin qəbulu noyabrın 15-dək davam edəcək. Məqalələr [email protected] elektron ünvanına göndərilməlidir. Kollaborativ (bir neçə ölkədən müəlliflərin iştirakı ilə hazırlanmış) tədqiqat işlərinə üstünlük veriləcək, həmkar rəyindən (peer-review) keçmiş seçilmiş məqalələr isə konfrans buraxılışında dərc olunaraq qlobal elmmetrik bazalarda indeksləşdiriləcək.