AZ

CON QAFFARİ 85: Hollivudda bir İÇƏRİŞƏHƏRLİ

Turkstan.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Nəriman Əbdülrəhmanlı

***

...İçərişəhər doğmalarının söz-söhbətləriindən yaddaşında elə bu cür də - dar küçələri, görkəmində ötən əsrin izləri qalmış evləri, Qız qalası, Şirvanşahlar sarayı, məscidləriylə - qalmışdı.

Bütün bunlar yuxularından doğulmuş nağıla oxşayırdı, həmin nağılı da Arazın o tayında, Tehranda ata-anası, əmiləri danışmışdılar, illər boyu Köhnə və yeni Dünyanın ölkələrini dolaşa-dolaşa içində qızıl külçəsi kimi saxlamışdı.

Dünyanın hər üzünü görəndən sonra dədə-babasınınm yurduna prodüser kimi dönmüşdü...

1. Növbəti layihəsinin izi ilə

Amerikalı Con Qaffari əcdadlarının yurduna 1997-ci ildə Malayziya televiziyasının sifarişiylə keçmiş SSRİ-nin tərkibində olmuş müsəlman xalqlarının həyatından bəhs eləyən sənədli filmin çəkilişini gerçəkləşdirmək üçün gəlmişdi.

O vaxt Azərbaycan televiziyasın rəhbərliyi ilə görüşdü, filmlərinin surətini bağışladı, yaradıcılıq əlaqələrinin qurulmasıyla bağlı cəhdlər göstərdi. Sənədli filmin operatoru tanınmış sənətçimiz, Əməkdar incəsənət xadimi dostum Nizami Abbas idi. Şərti olaraq “Komunizmin əzdiyi müsəlman ölkələr” adlanan layihənin ssenari müəllifi və prodüseri Con Qaffari, Malayziya tərəfindənsə Əbdül Məcid, məsləhətçisi Türkiyədən prof. Dr. İldəniz Kurtulan idi.

Rusiya, Qafqaz və Orta Asiya xalqlarının tarixi keşmişi, bugünkü sosial-mənəvi və siyasi durumu barədə tamaşaçılara məliumat vermək nəzərdə tutulurdu. Bir neçə ay ərzində Gürcüstan, Çeçenistan, Tatarıstan, Çuvaşıstan, Moskvada, Orta Asiya dövlətlərində müsəlmanlarln tarixi və mədəniyətiylə bağlı çəkilişlər aparıldı.

Con Qaffarini getdiyi yerlərdə filmlərdəki rollarından tanıyır, hörmətlə yanaşır, sevgilərini bildirirdilər. O, özü də olduğu yerlərin tarixinə və mədəniyyətinə böyük maraq göstərir, yerli kütləvi informasiya vasitələrinə həvəslə müsahibə verir, əslən bakılı olduğunu daim nəzərə çarpdırırdı.

Hətta Bakıda əmizadəsi – Abbas Qurbanovu da tapmış, ailəsində qonaq olmuşdu...

2. Bir nəslin tarixçəsi

Onun mənsub olduğu Qafaruşağı nəsli köklü-köməcli bakılıdı...

Hüseynbala və Ağabalanın da XIX yüzilin axırlarında Bakını ağzına götürmüş neft fontanı sayəsində bəxtlərinə gün doğub, aldıqları torpaq sahəsindən “qara qızıl” tapılıb, beləcə bir göz qırpımında varlı-hallı “mədənçi Qafarovlar”a çevriliblər. Amma Şura hökuməti gələn kimi, qardaşların da var-yoxunu əllərindən alıb, adlarını da “qara siyahı”ya salıb.

Başqalarının aqibətini görən Kərbəlayı Hüseynbala 30-cu illərin əvvəllərində oan-qalanlını götürüb, köç-külfətini də yığıb gizli yolla İrana keçmək zorunda qalıb. Əvvəlcə Ənzəlidə düyü dəyirmanı alıb, onun hesabına ailəsini dolandırıb, sonra isə Tehranda yurd salıb. Onun 5 oğlu – Ağababa, Rəhimbala, Həsənbala, Ənvər və Əlibala – gözüaçıq böyüyüblər.

Bakıda rus gimnaziyasını bitirən Ağababanın da Tehranda 5 övladı – bir oğlu və dörd qızı, Cahangir, Zərrin, Fəridə, Günəş və Fəribə – dünyaya gəlib. Onlardan Tehranda yalnız Zərrin qalıb, Fəridə İstanbulda, Günəş Vaşinqtonda, Fəribə Kanadada yaşayıb. Fəridə əslən Ənzəlidən olan, Tehranda təhsil görmüş, İstanbul Tibb Universitetini bitirmiş, yazıçı-tərcüməçi prof. Dr. İldəniz Kurtulanın həyat yoldaşıdı.

Tehrandakı və Bakıdakı qohumlar uzun müddət əlaqələrini büruzə verməyib, gizlicə məktublaşıb, ayrılığın acısını yaşayıblar. İranda adlı-sanlı güləşçi kimi tanınan, dəfələrlə ölkə çempionu olan Əlibala Rza şah Pəhləvidən ənam əvzinə Bakıya gəlməyə izin istəyib, şah çox təəccüblənsə də izin verib, beləcə, o, 50-ci illərin axırlarında əmilərini və onların törəmələrini ziyarət eləyib.

Onda bir həftə Bakıda qalan Əlibala nəslin Tehrandakı qolu haqqında ətraflı məlumat verib...

3. Cahangir aktyorluğu seçdi...

Fars ağzıyla Qaffari soyadı götürmüş Ağababanın yeganə oğlu Cahangir 1940-ci il sentyabrın 9-da Tehranda (bəzi mənbələrdə 1941-ci ildə, həm də səhvən Bakıda doğulduğu qeyd olunur) dünyaya gəlib...

Uşaqlıq çağları müharibə illərinə, müharibədənsonrakı siyasi çəkişmələr dövrünə düşdü. Amma onu sehirli dördkünc kino ekranından başqa heç nə maraqlandırmırdı. O illərdə əsl partlayış çağı yaşayan vesternlərə - macəra filmlərinə - daha çox maraq göstərir, aktyor olmağı arzulayırdı. Yaraşıqlı görkəmi, coşğun temperamenti, axtarış həvəsi bu yolda uğur qzanacağına ümid verirdi.

1958-ci ildə orta təhsilini bitirib sənət seçimi barədə qərar qəbul eləmək məqamı gələndə də çox götür-qoy eləmədi, ata-anasının xeyir-duasıyla Almaniyaya yollandı, Hamburq Kino Universitetinin aktyorluq bölümünə daxil oldu. Təhsil aldığı illərdə sənət sevgisiylə yanaşı ifaçılıq qbiliyyətini də sübuta varmaqdan ötrü yollar aramağa başladı. İlk rolları epizodik və kiçik olsa da özünə sonsuz inamı, yaraşıqlı zahiri görkəmi, çalışqanlığı sayəsində obrazların tutumunu, sanbalını artırmağa can atırdı.

1963-cü ildə təhsilini bitirib Tehrana qayıtdı, yenidən epizodik və ikincidərəcəli rollarda çəkilə-çəkilə bəxtinin gətirəcəyi məqamı gözləməyə başladı. Cəhdləri də nəticəsiz qalmırdı, get-gedə adı filmlərin titrlərində görünür, başqa rejissorların, prodüserlərin, kinostudiyaların diqqətini çəkirdi.

Artıq yetərincə ifaçılıq təcrübəsinin olduğunu düşünən Cahangir Qaffari “böyük ekran”a can atır, ölkənin hüdudlarından kənara çıxan filmlərdə sanballı obrazlar yaratmaq arzusuyla yaşayırdı...

4. “İran Cüneyt Arkını”

Belə bir fürsət rastına çıxanda artıq 25 yaşı vardı...

1965-ci Mohamməd Əli Fərdinin “Şəhər macəraları” filmində ifa elədiyi epizodik rolu Türkiyə prodüseri və rejissoru Türkər İnanoğlunun diqqətini çəkdi, Cagangir Qaffarini İranla birgə istehsal elədiyi “Tehran macərası” (1968) filmindəki baş rollardan birinə dəvət elədi. Bacısını əməliyyat etdirmək üçün soyğuna əl atmaq məcburiyyətində qalan taksi sürücüsünün hekayətində o, çəkiliş meydançasına Kartal Tibet, Mine Mutlu, Feridün Çölgeçen, Filiz Akın kimi ifaçılarla çıxdı.

1969-cu ildə öz ssenarisi üzrə “Malkoçoğlu Cem Sultan” tarixi-macəra filminin çəkilişinə başlayan rejissor Remzi Yöntürkün Cem Sultan roluna Cahangir Qaffarini dəvət eləməsi heç də təsadüfi deyildi. Filmdə Malkoçoğlu obrazını o dövrün ekran ulduzu Cüneyt Arkın yaradırdı, onun tərəfdaşı da məhz “adına layiq” olmalıydı. Rejissorun bu niyyəti baş tutdu, Cahangir Qaffari tamaşaçı sevgisi, üstəlik, “İran Cüneyt Arkını” ləqəbi qazandı.

Beləcə, Yeşilçam ulduzlarından birinə çevrilən Cahangir Qaffari sənət dostları Rza Beyk İmanverdi, Nasir Malik və İrəc Qədiri kimi, 60-cı illərin axırlarında İranda və Türkiyədə istehsal olunan onlarla macəra və tarixi-macəra filmlərində rol aldı. Amma həmin filmlərin əksəriyyəti bir-birindən fərqlənmir, yaradıcılıq imkanları vermirdi. “Mələkşah”, “Bir çuval pul”, “Hədəfdə iki nəfər”, “Qan və tapança”, “Səlahəddin Eyyubi”, “Ölüm fərmanı”, “Adını anmayacağam”, “Qərbdən gələn adam”, “Canilər yatmaz”, “Qürur və kin”, Haqq yolu”, “Qanunsuz küçə”, “Sevimli quldur”, “Günahsız fırari”, “Üç coşqun cəngavər”... kimi bir-birinin ardınca çəkilən filmlər onu kütləvi tamaşaçılara sevdirsə də, yaradıcılıq zövqü vermirdi.

1972-ci ildə tanınmış müğənni, teatr və kino aktrisası Gülsüm Kamu ilə evlənib Tehrana qayıdan Cahangir Qaffari kinodan umduğunu vətənində də tapa bilmədi. Üstəlik, ailədə də xoşbəxtlik yox idi. Sonralar Gülsüm Kamu müsahibələrinin birində deyəcəkdi: “Böyük bir ailəyə düşdüm, yeddi qardaş-bacı, ərləri, arvadları, qaynanaları həmısı bir evdə yaşayırdı. Qarşıma qəddar qaynana çıxdı, hər şeyə qarışır, oğlunun qazancını əlindən alır, yalnız xərclik verirdi. Cahangir yaxşı insan idi, ayrı evə çıxdıq, amma anası ora da əl atdı. Mən də çamadanımı götürüb İstanbula qayıtdım...”

Artıq yaşı otuzu ötmüş, macəraları sevən Cahangir Qaffarisə İranın, Yeşilçamın və Türkiyənin də hüdudlarından çıxmaq, dünyaçaplı kinoulduza çevrilmək istəyirdi, buna görə də dünya macərasına başlamaq qərarına gəldi...

5. Holivuddu fəth eləmək istəyinin dalınca

Cahangir Qaffari qarşısına Avropanı və dünyanın kino Olimpini – Hollivudu - fəth eləmək hədəfi qoymuşdu...

On illik ekran təcrübəsinin, zahiri görünüşünün, tükənməz həvəsinin onu əlçatmaz zirvəyə qaldıracağına, Hollivud ulduzlarıyla bir sıraya qoyacağına sonsuz ümid bəsləyirdi: artıq kinonun Qərb və Amerika ölçülərini yetərincə mənimsəmiş, baş rollarda çəklmiş, xeyirxah, cəsur, məğlubedilməz, “Zaqor”, “Səlahəddin Eyyubi” kimi filmlərdə isə qəddar Avropa cəngavərlərinin obrazlarını yaratmışdi.

1973-cü ildən o, artıq İspaniya, Portuqaliya, Fransa istehsalı olan filmlərdə ikincidərəcəli və əsas rollardan birini almağa başlamışdı. Amma onlar mahiyyətcə bu vaxtadək yaratdığı obrazlardan fərqlənmirdi. Həmin vaxtdan artıq İranla da, Türkiyə ilə də vidalaşmaq qərarına gələn Cahangir Qaffari tamaşaçılar qarşısına Con Qaffari (bəzi filmlərdəsə adı Con Foster kimi yazılırdı) simasında çıxmağa başladı.

Con Qaffari Hollivudda “İblislər” (1973), “Dik Turpin” (1974), “Kifer” (1978), “Andranın şərəfi” (1983), “Qorxu şəhəri” (1984), “Sarısaçlı və qızıl qəsr” (1984), “Xilasetmə qüvvələri” (1990) və s. kimi vestern və kovboy filmlərində adıbəlli Çarlz Bronson, Kris Kristofersonla, “Qanlı döyüş” (1988) lentində isə Jan-Klod Van Damla çəkiliş meydançasına çıxdı.

O, yaratdığı obrazların zahiri cizgilərinə deyil, daxili yaşantılarına daha çox diqqət ayırmağa, ekran üçün vacib sayılan fiziki üstünlüklərindən obrazı daxili aləmini açmağa, ifasının daha tutumlu olması üçün faydalanmağa can atırdı. Meksikalıların və Amerika hindularınıən həyatından bəhs eləyən filmlərdə aktyorun ifa elədiyi rollar məhz bu çalarlarıyla yadda qalır.

Amma çəkildiyi bir çox filmlər prokatın uzunömürlü lentləri siyahısına daxil olsa da, Cahangir Qaffari can atdığı sənət zirvəsin çatmağın o qədər də asan olmadığını dərk elədi...

6. Prodüser Con Qaffari

Həyatında kəskin dönüşlər eləməyi sevən Con Qaffari ifaçılıq karyerasıyla yanaşı, Hollivudu prodüser kimi fəth eləmək qərarına gəldi...

O, yaxşı fiziki hazırlığı, gözəl at çapması, özünəməxsus ekran duyumuyla rejissorların və prodüserlərin diqqətini çəkmiş, filmlərə dəvət eləyənlərin istəklərini yerinə yetirmiş, amma öz istəyini gerçəkləşdirməyə fürsət tapmamışdı.

Fars dilindən əlavə, Türkiyə türkcəsini, alman, ingilis, italyan və ispan dillərini də öyrənmiş, çəkiliş meydançasında tərəf-müqabiləriylə asanca dil tapmış, sərbəstliyi, sadəliyi, səmimiliyi ilə könülləri fəth eləmişdi...

Artıq çiyinlərində yetərincə ekran təcrübəsi vardı, ayrı-ayrı ölkələrin kinostudiyalarında çəkilən 100-dən artıq ekran əsərində obrazlar yaratmış, Rac Kapur, Enriko Marrikone, Serjio Leone... görkəmili sənətçilərlə ünsiyyətd olmuşdu...

Con Qaffari 1983-cü ildə Joze Truçado və Erik Brüknerlə birgə prodüser kimi, “Andranın şərəfi” filmini istehsal elədi, özü də əsas obrazlardan birini yaratdı. Sonrakı il Joze Truçadonun “Sarısaçlı və qızıl qəsr” filmində o, baş rolardan birini ifa eləməklə yanaşı, icraçı prodüser vəzifəsini də yerinə yetirdi. 1990-cu ildə isə ekranlara “La-Krus-de-İberiya” filminin prodüseri kimi çıxdı.

1990-cı ilərdən teleserialların və beynəlxalq miqyaslı sənədli televiziya filmləri layihələrinin də prodüseri olan Cahangir Qaffari kinokaryerasını da məhz bu ampluada başa vurdu...

7. Baş tutmayan arzular

70-ci illərin ortalarında hansı jurnaldansa Con Qaffarinin şəklini və çəkildiyi filmdən kadr kəsib saxlamışdım, anlaşılmaz hissin təsirindən arabir o şəkillərə baxır, “Qaffari” soyadının içimdə yaratdığı anlaşılmaz hissdən baş çıxarmağa can atırdım...

Sonra bir neçə filmdə ifasına tamaşa elədim, amma o soyadın və simanın doğurduğu suallara tutarlı cavab tapa bilmədim...

Aradan iyirmi il ötəndən sonra isə təsadüfən Con Qaffarinin özünü görmək, ömür və yaradıcılıq youndan xəbər tutmaq, ekran sənətiylə bağlı düşüncələrini eşitmək imkanı qazandım. Azərbaycan türkcəsində Güney ləhcəsiylə danışan, əcdadlarının vətənini görməkdən çox məmnun qalan Cahangir Qaffari mədəniyyətimiz naminə sanballı bir iş görmək istəyirdi. Hətta Nizami Abbasdan mənim “Əli və Nino” romanı əsasında ikiseriyalı filmin ssenarisini yazdığımı öyrənib, bir surətini aldı, layihə kimi gerçəkləşdirilməsinə çalışacağını söylədi.

Amma təəssüf ki, ilk gəlişindən sonra əcdadlarının vətənində qəlbini qoyub gedən Cahangir Qaffari məmləkətimizə bir daha üz tuta, Azərbaycan mədəniyyəti naminə dəyərli bir iş görməklə bağlı arzularını həyata keçirə bilmədi...

***

Con Qaffari ABŞ-ın Los-Anceles şəhərində yaşasa da, Madriddə evi, ailəsi (70-ci illərin axırlarında İspaniyada filmlərdə çəkiləndə evlənib, ispan təbirincə Jasmin adlanan Yasəmən adlı qızı doğuılub) şəxsi studiyası var...

Çəkildiyi və prodüseri olduğu filmlər hələ də İranda, Türkiyədə, İspaniyada, Fransada, ABŞ-da... nümayiş etdirilir...

O filimlərin titrlərində adı Cihangir Gaffari, John Gaffari, John Caffari, John Ghaffari, Johnny Ghaffari, John Foster... kimi yazılan isə məşhur içərişəhərli Cahangir Qafarov – tehranlı Cahangir Qaffaridi...

1997, dekabr – 2025, sentyabr

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
icma.az

2Mənbələr