AZ

YAP Sumqayıt şəhər təşkilatı konfrans keçirdi - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Əsrin müqaviləsindən suverenliyə” mövzusunda elmi-praktik konfrans keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərindən danışıb. O qeyd edib ki, müasir Azərbaycanın uğurlarının əsasında məhz 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” dayanır: “Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan regionda güclü və nüfuzlu dövlətə çevrilib. Enerji strategiyası isə ölkəmizin suveren inkişafının mühüm təminatına çevrilib”.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov bildirib ki, “Əsrin müqaviləsi” Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə yanaşı, xalqın sosial rifahının yaxşılaşmasına da xidmət edib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji strategiyası bu gün daha geniş miqyasda həyata keçirilir.

Milli Məclisin deputatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin sədri Hicran Hüseynova qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və ölkəmizin beynəlxalq nüfuzunun artmasında “Əsrin müqaviləsi”nin rolu əvəzsizdir. O vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət Azərbaycanın güclənməsinə xidmət edir.

Milli Məclisin deputatı Mehrihan Vəliyeva çıxışında Azərbaycanın enerji siyasətində əldə etdiyi nailiyyətləri diqqətə çatdıraraq qeyd edib ki, bu uğurlar ölkəmizi beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanıdıb.

“Azərkimiya” İstehsalat Birliyinin direktoru Elnur Məmmədli vurğulayıb ki, 1994-cü ildə imzalanmış müqavilə Azərbaycanın iqtisadi inkişaf yolunda dönüş nöqtəsi olub. Onun sözlərinə görə, bu gün həmin strategiyanın bəhrələri bütün sahələrdə özünü göstərir.

Daha sonra çıxış edənlər Əfqanıstan veteranı, Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədr müavini Eldar İsmayılov, Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Adil Baxşıyev, Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Loğman Abdullayev çıxışlarında Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və Azərbaycanın öz gücü ilə bütün hədəflərinə çatdığını vurğulayıblar. Çıxışlarda ümumilikdə “Əsrin müqaviləsi”nin Azərbaycanın enerji təhlükəsizliyində, iqtisadi müstəqilliyində və suveren inkişafında tarixi rol oynadığı diqqətə çatdırılıb.

Çıxışlarda əminliklə söylənilib ki, Prezident İlham Əliyevin siyasi iradəsi, uzaqgörən strategiyası və qətiyyətli mübarizəsi sayəsində Azərbaycan dövlətçiliyi möhkəmlənib, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin olunub.

Tədbir interaktiv formada davam edib, iştirakçıların sualları cavablandırılıb.

Konfransın sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Seçilən
17
1
unikal.az

10Mənbələr