Rusiya aviasiya sənayesi liderlərini təyyarələrin ehtiyat hissələri və uçuşlara qarşı sanksiyaları yumşaltmağa çağırıb. Musavat.com xəbər verir ki, məlumatı Reuters işçi sənədlərə və vəziyyətlə tanış olan mənbəyə istinadən yayıb.
Mənbənin sözlərinə görə, Moskva Qərbin aviasiya sənayesinə qarşı sanksiyalarını “qanunsuz məcburi tədbirlər” hesab edir. Onların Rusiyanın xarici təyyarələrə və ehtiyat hissələrinə çıxışını əngəllədiyi qeyd olunur. Bu, Rusiya aviaşirkətlərinin dolayı idxal marşrutları vasitəsilə ilk növbədə Airbus və Boeing olmaqla 700-dən çox təyyarənin ehtiyat hissələrini almağa məcbur edilməsinə səbəb olub.
Bundan başqa, Rusiya aviaşirkətlərinə Avropa İttifaqına üzv dövlətlərin, eləcə də digər müttəfiq ölkələrin, o cümlədən Böyük Britaniyanın hava məkanında uçuşlar qadağan edilib. Agentliyin məlumatına görə, ruslar hazırda sanksiyaların, xüsusən də uçuş təhlükəsizliyi üçün vacib olduğunu iddia etdikləri ehtiyat hissələrinə dair sanksiyaların yumşaldılması ilə bağlı danışıqlar aparmağa çalışırlar. Moskva Monrealda Beynəlxalq Mülki Aviasiya Təşkilatında (ICAO İnnovasiya Sərgisi 2025) tənzimləyicilərə və digər nümayəndələrə öz arqumentlərini təqdim edir.
Mənbə jurnalistlərə bildirib ki, Rusiyanı bu tələbi irəli sürməsinə ABŞ-ın keçən həftə Belarusun dövlət aviaşirkəti Belavia-ya qarşı sanksiyaları ləğv etməsi səbəb olub. Konfransdan əvvəl təqdim olunan işçi sənədlərdə Moskva sanksiyaların qlobal qaydalara zidd olduğunu iddia edir. Agentlik xatırladıb ki, BMT-nin Beynəlxalq Mülki Aviasiya Təşkilatı Rusiyanı Ukrayna hava məkanını pozduğuna və onun təyyarələrinin ikili qeydiyyatına görə qınayıb.
Musavat.com