Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun təmin edilməsi və mövcud problemlərin həlli məqsədilə, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən sentyabrın 22-də Kələki kəndində səyyar qəbul keçirilib.
Görüşdə kənd sakinləri ilə yanaşı, İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
Görüşdə ilk olaraq Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İcra başçısı çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə əldə etdiyi mühüm nailiyyətlər barədə geniş məlumat verib, ölkə başçısının uzaqgörən siyasəti, güclü və qətiyyətli rəhbərliyi sayəsində Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandığını, torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb. Keçirilən lokal antiterror əməliyyatlarında Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam təmin edildiyi, ölkəmizin təhlükəsizliyinə yönəlmiş bütün təhdidlərin aradan qaldırıldığı bildirilib. Ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndiyini qeyd edən Rəcəb Rəhimli, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma və bərpa işlərinin davam etdirildiyini, məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz şəkildə qaytarılması prosesinin uğurla həyata keçirildiyini sakinlərin diqqətinə çatdırıb.
Görüşdə “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində rayonda həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Yol infrastrukturu, məşğulluq imkanlarının artırılması, mədən sənayesi, konserv zavodu, ipəkçilik və digər sahələrdə genişmiqyaslı işlərin aparılması, həmçinin Ordubad şəhər və rayonun bir sıra kənddaxili avtomobil yollarının təmiri və yenidən qurulması, Ordubad şəhərində yerləşən tarixi “Ərbabın iş yeri” binasının əsaslı təmiri, Şəhidlər Xiyabanının təmir olunması və “Zəfər Parkı” layihəsinin həyata keçirilməsi ilə bağlı mühüm addımlar atıldığı bildirilib. Həmçinin, çıxış zamanı Zəngəzur dəhlizinin açılması məsələsinə də toxunulub. Vurğulanıb ki, bu dəhliz muxtar respublikanın inkişafına böyük təkan verəcək və regionun tranzit potensialının artırılmasına imkan yaradacaq.
Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Su problemi, məşğulluq, çörək sexinin tikintisi, ərzaq mağazasının açılması, mülkiyyət hüququ, idman kompleksinin tikintisi, zərərverici heyvanlara qarşı tədbirlərin görülməsi kimi məsələlər qeyd olunub. Qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara tapşırıqlar verilib. Həlli vaxt tələb edən müraciətlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara yönləndirilib.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.






