AZ

Zəngəzur dəhlizinə böyük sərmayələr başladı - İrəvan “təhlükəsizlik təminatı” axtarır...


Əli Orucov: “Paşinyan hakimiyyəti mümkün olduğu qədər ABŞ-ın çətiri altına sığınmağa çalışır”

“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP, Zəngəzur dəhlizi) ilk növbədə iqtisadi layihə deyil, təhlükəsizlik zəmanətidir”. Bunu ölkənin iqtisadiyyat naziri Gevork Papoyan bildirib.

“Ən böyük iqtisadi effekt dəmir yolu fəaliyyətinin bərpasından deyil, böyük bir ABŞ şirkətinin Ermənistana investisiyalar yatırmasından gələcək. Bu, Ermənistan üçün çox mühüm amildir”, - deyə Papoyan bildirib.

O, yaxın gələcəkdə ABŞ-da yerli tərəfdaşlarla müzakirələrin keçiriləcəyini, bundan sonra investisiyaların gəlməyə başlayacağını bildirib. Nazir xatırladıb ki, 145 milyon dollar həcmindəki ilk tranş artıq Ermənistana çatıb: “Bu, layihə işləri və sərhəd infrastrukturu üçün ayrılan vəsaitdir. Biz növbəti tranşları müzakirə edəcəyik. Ermənistan özü bu investisiyaları həyata keçirə bilər, amma biz istəyirik ki, orada dünyanın ən qüdrətli dövlətləri mənfəət əldə etsinlər. Bu, təhlükəsizliyi təmin edəcək”.

Diqqəti çəkən məqam odur ki, Ermənistan Zəngəzur dəhlizinə (Tramp yolu) ABŞ-ın sərmayə qoyuluşunu bu ölkəyə bir təhlükəsizlik zəmanəti kimi görür. Yəni dolayısı ilə Rusiya Ermənistanda nəsə törətməyə cəhd etsə, qoyduğu sərmayələrlə əlaqədar qarşısında ABŞ-ı görəcək.

“Yaxşı bilirlər ki, Avropa İttifaqı Ermənistana təhlükəsizlik zəmanəti vermək qüdrətində deyil”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucov hesab edir ki, Ermənistan Zəngəzur dəhlizi hesabına Birləşmiş Ştatlardan təhlükəsizlik zəmanəti almaq istəyir: “Əvvəla, Zəngəzur dəhlizi (Tramp yolu) Asiya ilə Avropa arasında çox önəmli və getdikcə dəyəri artan tranzit dəhlizidir. O baxımdan önəmlidir ki, buradan keçən ticarət yolu həm Rusiyadan, həm də İrandan yan keçir. Halbuki, Qərbin marağında olan da budur. Ukrayna müharibəsi ilə əlaqədar geosiyasi mübarizə getdikcə kəskinləşir. Belə bir məqamda Qərb çalışır ki, Rusiyadan asılılıq bütün sahələrdə, o cümlədən, tranzit daşımalarda aşağı düşsün. Paşinyan hakimiyyəti fərqindədir ki, Avropa İttifaqı Ermənistana təhlükəsizlik zəmanəti vermək qüdrətində deyil. Baxmayaraq ki, Avroittifaq ABŞ-la müqayisədə daha çox ermənipərəst siyasət yeridir. Erməni lobbisinin maraqlarına daha çox oynayır. Bu baxımdan erməni tərəfi hesab edir ki, ABŞ Ermənistana təhlükəsizlik zəmanəti vermək gücündədir. Məsələ ondadır ki, Çindən Avropaya daşınacaq yüklərə ABŞ müəyyən mənada nəzarət etmiş olacaq. Birləşmiş Ştatlar dəhlizə, Ermənistanda digər sahələrə sərmayə qoyandan sonra istər-istəməz bunu qorumaqda maraqlı olacaq. Ermənistanın da əsas çəkindiyi ölkə Rusiyadır. Çünki Ermənistan Rusiyadan iqtisadi baxımdan çox asılıdır. Digər tərəfdən, orada həm hərbi bazaları var, həm də Rusiyaya bağlı siyasi qüvvələr var. Üstəlik, kilsə də Rusiyapərəst qüvvələrlə eyni mövqedən çıxış edir. Bu baxımdan Paşinyan hakimiyyəti mümkün olduğu qədər ABŞ-ın çətiri altına sığınmağa çalışır və Zəngəzur dəhlizinə (Tramp yolu) Birləşmiş Ştatların təhlükəsizlik zəmanəti kimi baxırlar”.

Vidadi ORDAHALLI

Seçilən
11
baki-xeber.com

1Mənbələr