AZ

İlham Zəkiyev: "Azərbaycan bayrağını zirvəyə qaldırdığım üçün fəxr edirəm" - MÜSAHİBƏ

İdman.biz xəbər verir ki, doqquzqat Avropa çempionu olan Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) "Report"a müsahibə verib. Təcrübəli idmançı son olaraq Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında qızıl medala sahib çıxmasından danışıb. İkiqat paralimpiya çempionu daha bir neçə il Azərbaycan bayrağını yüksəklərə qaldırmaq istədiyini deyib.

- Son olaraq Gürcüstanda keçirilən Avropa çempionatında qızıl medal qazandınız. Təəssuratlarınızı bilmək maraqlıdır.

- İki il idi ki, qızıl medal yox idi. Finalda daha əvvəl məğlub olduğum moldovalı İon Basocuya qalib gəldim. Hisslərimi sözlə ifadə etmək çətindir. Azərbaycan bayrağını zirvəyə qaldırdığım üçün fəxr edirəm. Qələbəmi Azərbaycan xalqına, ölkə başçısı Prezident İlham Əliyevə, Vətən müharibəsində şəhid olan əsgərlərimizə və qazilərə həsr edirəm.

- Sentyabrın 20-də Avropa çempionu oldunuz. Həmin tarix iki əlamətdar hadisə ilə yadda qalıb - 2004-cü ildə Yunanıstanda keçirilən Afina-2004 Yay Paralimpiya Oyunlarında ilk dəfə qızıl medal qazanmağınız və Azərbaycanda Dövlət Suverenliyi gününün qeyd olunması. Bununla bağlı nə deyə bilərsiniz?

- Belə bir əlamətdar gündə qızıl medal qazanmağım, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və bayrağımızın ən ucada dalğalanması çox ülvi hisslərdir. Bunu sözlə ifadə etmək çətindir. Bu cür gözəl duyğuları yaşamağı hər bir Azərbaycan idmançısına arzu edirəm.

- Kolleksiyanızda bütün medallar mövcuddur. Növbəti hədəfiniz nədən ibarət olacaq?

- Allah Azərbaycan idmançılarını zədədən qorusun. İnşallah, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında çıxış etmək və çempion olmaq istəyirəm. Avropa çempionatında yubiley olan 10-cu qızıl medalımı da qazanmaq istəyirəm. Axı niyə də olmasın?!

- Hazırda 45 yaşınız var və Azərbaycan paracüdoçuları arasında ən təcrübəlisiniz. Yarışlarda iştirak etmək üçün özünüzdə nə qədər güc görürsünüz?

- Nə qədər gücüm var, Azərbaycan dövlətinə, millətinə xidmət etmək istəyirəm. Gücüm yetdiyi qədər davam edəcəyəm. Finalda məğlub etdiyim idmançı məndən 17 yaş kiçik idi. Bu göstərir ki, bizdə hələ də alınır. Mənim işim xalqımızı qələbələrlə sevindirməkdir.

- Hazırda Azərbaycanın gənc paracüdoçuları arasında yeni ilham zəkiyevlər yetişir?

- Doğrusunu desəm, hələ ki, ikinci İlham Zəkiyev yoxdur. Çox istəyirik ki, gənclərimiz inkişaf etsinlər və müxtəlif nailiyyətlərlə Azərbaycan xalqına qələbələr bəxş etsinlər. 44 günlük Vətən müharibəsindən sonra qazilərlə görüşlər oldu və mən də orada iştirak etdim. Onlara təklif olundu ki, həyatlarına idmanla davam etsinlər. Tək paracüdo yox, digər idman növlərində çıxış etmək təklif olundu. Əksəriyyəti razılaşdı, yarışlarda iştirak edənlər də oldu, nəticə qazananlar da. Onlar necə ki, zamanında Şuşada, Xankəndidə və digər işğaldan azad olunan ərazilərimizdə şanlı bayrağımızı dalğalandırıblarsa, beynəlxalq arenalarda da bunu təkrarlayacaqlar.

İdman.biz

Məqalədə:
Seçilən
3
1
idman.biz

2Mənbələr