AZ

Komitə sədri: Azərbaycanın 79 şəhərindən 65-i üzrə baş planlar yenilənib

Azərbaycanın 79 şəhərindən 65-i üzrə baş planlar artıq yenilənib, daha 10 şəhərin sənədləri isə təsdiqlənmə mərhələsindədir. Bu proses beynəlxalq təcrübəyə malik mütəxəssislərin iştirakı ilə həyata keçirilir və ən yaxşı təcrübələrə, innovativ planlaşdırma yanaşmalarına uyğunlaşdırılır. İnsanyönümlü inkişaf, dayanıqlılıq və möhkəmlik prinsiplərinə əsaslanan Bakı şəhərinin Baş Planı müasir planlaşdırma fəlsəfəsinin ən parlaq nümunəsi hesab olunur.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) qeyd edib.

Anar Quliyev bildirib ki, Bakı Baş Planının ən transformativ xüsusiyyətlərindən biri çoxmərkəzli inkişaf modelinin tətbiqidir:

“Bu yanaşmaya görə, şəhərdə fəaliyyətlər yalnız mərkəzdə cəmlənmir, əksinə, müxtəlif funksiyalara malik bir-biri ilə əlaqəli qovşaqlar və alt-mərkəzlər formalaşdırılır. Bu model mərkəzi hissələrə düşən yükü azaldır, yeni sərmayə imkanları açır və yaşayış, ticarət, mədəniyyət, qarışıq təyinatlı layihələr və biznes parkların inkişafına şərait yaradır.

Şəhərsalma yanaşmamızın əsas prinsipləri gəzinti imkanlarının artırılması, insan mərkəzli dizayn, inteqrasiya olunmuş ictimai nəqliyyat sistemi ilə dəstəklənən çoxnəqliyyatlılıq, eləcə də şəhər kimliyinin əsas elementi kimi mədəni irsin qorunmasıdır. Sərmayədar dostu tikinti mühiti formalaşdırmaq üçün hüquqi və institusional çərçivələr təkmilləşdirilib, icazə sistemləri rəqəmsallaşdırılıb, yerli memar və planlaşdırıcıların rəqabət qabiliyyətini artırmaq məqsədilə akkreditasiya mexanizmləri yenilənib.

Yaşıl tikinti standartları, davamlı inşaat üsulları və tikinti informasiya modelləşdirilməsi tətbiq olunaraq dizayn və tikinti nəticələrinin keyfiyyəti artırılır. Hazırda Azərbaycan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində genişmiqyaslı bərpa işləri həyata keçirir. Burada 12 şəhər üçün baş plan hazırlanıb, onlardan 8-i artıq müasir şəhərsalma və ekoloji prinsiplərlə təsdiqlənib

Ümumilikdə 90 kənd və qəsəbə planlaşdırılıb. İndiyədək 28 yaşayış məntəqəsinə, o cümlədən 6 şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı baş tutub. Artıq 50 mindən çox insan azad edilmiş ərazilərdə yaşayır, işləyir və təhsil alır. Son dörd ildə 3 beynəlxalq hava limanı, 4 min kilometr avtomobil yolu və magistral, yeni dəmir yolu infrastrukturu, yaşayış binaları, səhiyyə və təhsil müəssisələri tikilib”.

Komitə sədri əlavə edib ki, azad olunmuş ərazilər böyük bərpaolunan enerji potensialına görə “yaşıl enerji zonası” elan edilib:

“Dörd il ərzində 38 su elektrik stansiyası istifadəyə verilib və bu, illik 620 min ton karbon emissiyasının qarşısını alır. Günəş və külək enerjisi layihələri də inkişaf etdirilir. Bu, sadəcə bərpa deyil, bütöv bir regionun müasir şəhərsalma və ekoloji prinsiplərlə yenidən təsəvvür edilməsidir.

Bu transformasiyanın uğuru güclü, etibarlı və vizioner tərəfdaşlarsız mümkün deyil. Xüsusən də Sibriz layihəsi ölkənin ən nüfuzlu və uzaqgörən inkişaf təşəbbüslərindən biri kimi seçilir. Xüsusilə sahilyanı ərazilərdə həyata keçirilən “Sea Breeze” layihələri özəl sektorun milli inkişaf məqsədlərinə verdiyi töhfənin bariz nümunəsidir.

Bu layihələr paytaxt Bakının yeni Baş Planında nəzərdə tutulan çoxmərkəzli inkişaf modelinə dəstək verən alt-mərkəzlərdən biri kimi də önə çıxır. Azərbaycanın dayanıqlı şəhərsalma sahəsində liderliyinin tanınması olaraq, gələn il 17-22 may tarixlərində Bakıda “Dünyanı Mənzillə Təmin Etmək: Təhlükəsiz və Dayanıqlı Şəhərlər və İcma” mövzusunda 13-cü Dünya Şəhər Forumuna ev sahibliyi edəcəyik.

BMT-nin 2001-ci ildə təsis etdiyi Dünya Şəhər Forumu dayanıqlı urbanizasiya üzrə ən böyük beynəlxalq konfransdır və BMT-nin ən iri qeyri-qanunverici toplantısı sayılır. UN-HABITAT tərəfindən təşkil edilən bu nüfuzlu qlobal platforma dövlət və hökumət başçılarını, merləri, urbanistləri və özəl sektor liderlərini bir araya gətirir. Bakının ev sahibliyi edəcəyi forum Azərbaycanın şəhərsalma sahəsində liderliyini möhkəmləndirəcək, Bakı, Qarabağ və digər bölgələrdə həyata keçirilən planlaşdırma işlərinin nəticələrini dünyaya təqdim etmək üçün mühüm məqam olacaq.

Bundan əlavə, cari ilin 15-17 oktyabr tarixlərində 3-cü Milli Şəhər Forumu keçiriləcək. Milli Şəhər Platforması çərçivəsində hökumət, şəhərlər, urbanistlər, memarlar və akademik dairələr bir araya gələrək şəhərsalmada qlobal tendensiyaları və ən yaxşı təcrübələri müzakirə edəcəklər. Bütün maraqlı tərəflər, investorlar və inkişaf etdiricilər bu forumlara qoşulmağa dəvət olunur”.

Seçilən
1
teleqraf.com

1Mənbələr