AZ

“Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda beynəlxalq konfrans keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində, həmçinin, Azərbaycan Prokurorluğunun peşə bayramı və 107 illiyi ərəfəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə Bakıda Heydər Əliyev Mərkəzində sentyabrın 22-də “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda dəyirmi masa formatında beynəlxalq konfrans keçirilib.

Baş Prokurorluqdan verilən məlumata görə, konfransda Uqanda, Laos, Tanzaniya, Keniyanın prokurorluq qurumlarının rəhbərləri və Türkiyə Baş Prokurorluğunun nümayəndələri, habelə  Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbərliyi və digər prokurorluq əməkdaşları iştirak edib.

Konfrandan əvvəl iştirakçılar Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub. Eyni zamanda, Şəhidlər xiyabanı ziyarət olunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə çiçəklər düzülüb.

Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakçılara müraciəti Baş prokuror Kamran Əliyev tərəfindən səsləndirilib. 

Daha sonra isə iştirakçılar Azərbaycanda prokurorluq orqanlarının yaranma tarixindən müasir dövrədək keçdiyi inkişaf mərhələlərini, ölkəmizdə qanunun aliliyinin təmin olunması və ədalətin bərqərar edilməsində oynadığı mühüm rolu əhatəli şəkildə əks etdirən, Azərbaycan Prokurorluğunun peşə bayramı və 107 illiyinə həsr olunmuş videoçarxa baxıblar.

Konfransda çıxış edən Baş prokuror Kamran Əliyev Ermənistanın Azərbaycanın suveren ərazilərini işğal etməsi nəticəsində minlərlə insanın həlak olduğunu, mülkiyyətə, iqtisadiyyata, ətraf mühitə, tarix-mədəniyyət abidələrinə külli miqdarda ziyan dəydiyini iştirakçıların diqqətinə çatdırıb.

Baş prokuror, həmçinin xatırladıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi qələbə qazanıb. Bundan başqa, 2023-cü il sentyabrın 19-dan 20-dək Azərbaycanın separatçı Qarabağ bölgəsində əməliyyat aparan antiterror əməliyyatları zamanı, soyqırım — 30 ​​ilə yaxın işğal altında olan ərazilər azad edildi. Azərbaycanın suverenliyi tam bərpa olundu, Konstitusiya bütün ölkəyə şamil olundu.

Baş prokuror əlavə edib ki, suveren ərazilərimiz işğaldan azad edildikdən dərhal sonra Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. “Ağıllı” kənd və şəhərlər salındı, yeni iş yerləri, istehsalat, təhsil müəssisələri yaradıldı, o cümlədən Xankəndində Qarabağ Universitetinin əsası qoyuldu.

Xatırladılıb ki, Azərbaycan hətta işğal zamanı da sülh yolu ilə nizamlanmaya nail olmaq üçün səylər göstərib; BMT-nin Azərbaycan torpaqlarının işğalını tanıyan və onların qeyd-şərtsiz azad edilməsini tələb edən dörd qətnaməsinə baxmayaraq, Ermənistan işğal etdiyi torpaqları qaytarmayıb. "Azərbaycan həmişə olduğu kimi, sülhün tərəfdarı olaraq qalır. Bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması bunun bariz nümunəsidir. Bu sənəd iki dövlət arasında münasibətlərdə yeni səhifə olmaqla yanaşı, həm də Cənubi Qafqazda yenidən sülhün, təhlükəsizliyin və iqtisadi inkişafın davamlılığının təmin edilməsində tarixi dönüş nöqtəsidir”, - Baş prokuror vurğulayıb.

Bundan başqa, vurğulanıb ki, yeni geosiyasi reallıqlar fonunda Zəngəzur dəhlizinin açılması strateji əhəmiyyətli mövzu olaraq qalır. Bu layihə Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsini təmin edəcək, regionun nəqliyyat xəritəsini dəyişdirəcək, iqtisadi və siyasi inteqrasiyaya mühüm töhfə verəcək.

Sözügedən konfransda çıxışı zamanı Baş prokuror onu da qeyd edib ki, Azərbaycan Prokurorluğu yüz ildən artıq bir tarixə malikdir. Çətin və mürəkkəb sınaqlarla zəngin bu şərəfli və məsuliyyətli tarixi yolda prokurorluq institutu bir neçə inkişaf mərhələsindən keçib.

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olan Müstəqil Azərbaycanın ilk Konstitusiyası milli prokurorluq orqanlarının dövlətin və cəmiyyətin həyatında yeri və roluna da yeni baxış gətirib.

Qeyd edilib ki, Konstitusiya və sahəvi qanunlarla prokurorluq dövlətin və cəmiyyətin mənafeyini müdafiə edən ali orqan kimi müəyyən edilib. “Əminliklə deyə bilərik ki, Prokurorluğun Azərbaycan Konstitusiyasında müəyyən edilmiş statusu qanunun aliliyinin təmin olunması, insan və vətəndaş hüquqlarının müdafiəsi, dövlətin və cəmiyyətin maraqlarının qorunması sahəsində müstəqil və obyektiv fəaliyyət göstərməsinə təminat verir. Prokurorluq institutu həm hüquqi dövlətin möhkəmlənməsinə, həm də cəmiyyətimizin demokratik inkişafına mühüm xidmət göstərir. İnanıram ki, bu konfrans qarşılıqlı əlaqələrimizin daha da inkişaf etdirilməsinə xidmət edəcək", - deyə Baş prokuror vurğulayıb.

Keniya Respublikasının Dövlət Prokurorluğunun Direktoru Renson Mulele İnqonqa çıxışı zamanı vurğulayıb ki, bu gün Azərbaycan və Keniyanı birləşdirən ortaq dəyərlər ədalət, hüququn aliliyi və insan hüquqlarına hörmətdir. Çıxışçı vuruğulayıb ki, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş bu Konstitusiya Azərbaycanın suverenliyinin, birliyinin və hüququn aliliyi əsasında demokratik dövlət qurmaq əzm və iradəsinin canlı ifadəsidir: "O, bərabərlik, insan ləyaqəti və sosial ədalət prinsiplərini təsbit edir və bununla da hər bir vətəndaşın hüquq və azadlıqlarının təmin edildiyi möhkəm bünövrə yaradır. Konstitusiyanın ən mühüm xüsusiyyətlərindən biri dövlət hakimiyyətinin mənbəyi kimi xalqı tanımasıdır. Bu fundamental prinsip idarəetmənin xalqın iradəsindən qaynaqlandığını və onların rifahı naminə həyata keçirildiyini təmin edir. Prokurorlar olaraq bizim vəzifəmiz bu hüquqların yalnız mətnlərdə qalmamasını, vətəndaşların gündəlik həyatında real şəkildə hiss olunmasını təmin etməkdir. Hər bir cinayət işində təqsirsizlik prezumpsiyasını qorumaq, ədalətli məhkəmə təminatını və qurbanların ləyaqətini müdafiə etmək məsuliyyətimizdir".

Laos Xalq Demokratik Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Saysana Kotputan isə qeyd edib ki, Bakıda keçirilən beynəlxalq konfrans əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açır. Bu elə bir platformadır ki, burada öz təcrübəmizi bölüşə bilərik. O öz ölkəsində Ali Xalq Prokurorluğunun fəaliyyətindən bəhs edib. 
Bildirib ki, Laosda Konstitusiya 1992- ci ildə qəbul olunub və mühüm milli sənədləri özündə əks etdirir: "Laosun Ali Xalq Prokurorluğu Konstitusiyada qanunların düzgün icrasına nəzarət edən, təqsirləndirilən şəxslərin məhkəməyə verilməsi səlahiyyətinə malik olan orqan kimi təsbit edilib. Ali Xalq Prokurorluğu Konstitusiya ilə verilən səlahiyyətləri lazımı şəkildə həyata keçirir. Biz bu səlahiyyətləri layiqli formada xalq qarşısında icra edirik. Vətəndaşların hüquqlarının təşviqinə, xüsusilə, ədliyyə sektorunda böyük önəm verilir. Bu hüquqlar bir sıra qanunlarda aydın şəkildə təsbit edilib. Laos Ali Xalq Prokurorluğu vətəndaşların hüquqlarını təmin edən, xarici müdaxilə olmadan ittiham orqanı kimi öz rolunu icra etməkdədir. Öz vəzifələrini icra edərkən bütün səviyyələrdə xalq prokurorları qanuna əməl etməlidir. Onlar bunu gündəlik fəaliyyətində vacib amil hesab edirlər. Təqsirləndirilən şəxslərin hüquqlarına Xalq Prokurorluğu nəzarət edir. Biz öz ölkəmizdə bununla bağlı müvafiq mexanizmləri yaratmışıq. İctimaiyyət fikirlərini “Qaynar xətt” vasitəsilə bildirə bilər. Prokurorluğun müstəqilliyini qorumaq məqsədilə güclü daxili nəzarət mexanizmi də mövcuddur. Laos Ali Xalq Prokurorluğu hüququn aliliyini möhkəmləndirmək məsuliyyətini öz üzərində daşıyır".

Türkiyə Respublikasının Ali Məhkəməsinin prokuroru Tayfun Gün Türkiyədə konstitusiya prosesinin müxtəlif mərhələləri barədə məlumat verib. O, 1921-ci il Konstitusiyasında prokurorluq institutuna yer verilmədiyini, lakin sonrakı konstitusiyalarda məhkəmələrin müstəqilliyi, hakim və prokurorların təminatı ilə bağlı müddəaların təsbit olunduğunu diqqətə çatdırıb. Tayfun Gün qeyd edib ki, prokurorluq dövlətin suverenliyinin qorunmasında, ictimai qaydanın təmin olunmasında və cinayətlərin qarşısının alınmasında mühüm institut kimi çıxış edir. Onun sözlərinə görə, prokurorlar istintaq mərhələsində araşdırma aparmaqla, məhkəmə mərhələsində isə dövlət ittihamını müdafiə etməklə ədalətin bərqərar olunmasına xidmət edirlər.

Tanzaniya Birləşmiş Respublikasının Dövlət prokurorluğunun direktoru Silvester Antoni Mvakitalu qeyd edib ki, qanunun aliliyinin qorunmasında prokurorluq orqanlarının səmərəli fəaliyyəti üçün milli və beynəlxalq qurumlar arası əməkdaşlıq zəruridir: "Prokurorluq orqanları arasında əməkdaşlıq təcrübə mübadiləsi və birgə təlimlər vasitəsilə bilik mübadiləsi yolu ilə fəaliyyətin təkmilləşdirilməsində mühüm vasitədir. Ölkəm adından Tanzaniya və Azərbaycan Respublikasının prokurorluq orqanları arasında Anlaşma Memorandumunun imzalanacağına sevinirəm. Bu memorandumu iki prokurorluq orqanı arasında uzunmüddətli və davamlı əməkdaşlıq çərçivəsini formalaşdıracaq mühüm sənəd olacaqdır".

Uqanda Respublikasının Dövlət prokurorluğunun direktoru Odumbi Ceyms Over vurğulayıb ki, bugünkü dəyirmi masa ölkələrimizin prokurorluq institutlarını birləşdirən ortaq dəyərlərin nümayişidir. Konstitusiya çərçivələrimizlə bağlı fikir mübadiləsi etməklə prokurorluğun müstəqilliyinin müxtəlif istiqamətlərdə necə möhkəmləndirilə biləcəyi barədə anlayışımızı dərinləşdirə, konstitusiyanın inkişafı və qanunun aliliyi ilə bağlı dəyərli perspektivlərə töhfə verə bilərik.
"Bu dialoq bizə həm də birgə araşdırmalar və yaranan təhdidlər üzrə bilik mübadiləsi aparmaq və ya beynəlxalq forumlarda prokurorluq standartlarının uyğunlaşdırılması vasitəsilə praktiki əməkdaşlığı genişləndirmək imkanı verir. Qarşılaşdığımız çağırışlar qlobal xarakter daşıyır, korrupsiya, mütəşəkkil cinayətkarlıq və demokratik təsisatlar üçün təhlükələr sərhədləri aşır. Beləliklə, biz bu görüşdən konstitusiya mandatlarımızın xalqlarımızın suverenliyini qorumaqla bu çağırışlara necə uyğunlaşa biləcəyini müzakirə etmək üçün platforma kimi istifadə edə bilərik. Mən sizin hamınızla səmərəli fikir mübadiləsi aparmaq, təcrübələrinizdən öyrənmək və öz təcrübəmizi daha çox bölüşmək üçün can atıram. Bu müzakirələr təkcə bizim müvafiq institutlarımızı gücləndirməyəcək, həm də ədalətin qlobal çərçivəsinə töhfə verəcək. Bu qeydlərlə bir daha azərbaycanlı həmkarlarımıza tərəfdaşlığa və bu nəcib işlə bağlı göstərilən fədakarlığa görə bütün iştirakçılara dərin minnətdarlığımı bildirirəm", - deyə Odumbi Ceyms Over fikirlərinə yekun vurub.

Çıxışlardan sonra konfrans iştirakçıları mövzu ətrafında geniş və səmərəli müzakirələr aparıblar. 

Fikir mübadiləsi zamanı prokurorluq orqanlarının konstitusion statusunun möhkəmləndirilməsinin, onların fəaliyyətinin şəffaf, effektiv və hüquqi dövlət prinsiplərinə uyğun təşkil olunmasının əhəmiyyəti xüsusi vurğulanıb.

Həmçinin beynəlxalq təcrübə və əməkdaşlıq nümunələri müzakirəyə çıxarılaraq, ölkəmizdə prokurorluq fəaliyyətinin inkişaf etdirilməsi, hüquq mühafizə sisteminin təkmilləşdirilməsi və ədalətin daha da möhkəmləndirilməsi istiqamətində perspektivlər müəyyən edilib.

Nurəngiz Adilqızı
XQ

 

Seçilən
6
6
xalqqazeti.az

7Mənbələr