AZ

Naxçıvanın kəndlərində taxıl əkini qadağan edilir - camaat narahatdır...


Akif Nəsirli: “İndidən “su olmayacaq” kimi qəti xəbərdarlıq edilməsi elmi əsaslandırmadan çox, inzibati göstəriş təəssüratı yaradır”

Bir sıra bölgələrdə taxıl əkininə start verilib. Naxçıvan əhalisi də hər il olduğu kimi bu il də taxıl əkmək istəyir. Ancaq Naxçıvanın kəndlərində yaşayan sakinlərə İcra Hakimiyyətləri adından yazılı və şifahi müraciətlər edilir.

Redaksiyamıza müraciət edən sakinlər qeyd edir ki, bununla bağlı onlara xəbərdarlıq göndərilib. Müraciətlərdə kənd əhalisinə bildirilir ki, bu il heç kim taxıl əkməsin. Bu xəbərdarlıq, çağırış yazda və yayda suvarma suyunun olmayacağı ilə əsaslandırılır. Əhali arasında isə bu izahdan məmnuniyyət yoxdur və müəyyən şübhələr baş qaldırır. Haqlı olaraq kənd əhalisi sual edir ki, yazda suyun olmayacağı ilə bağlı bu "peyğəmbərlik" haradandır? Su olmayacaqsa, kəndlilərin öz əkini batacaq və bu halda kəndli kimsəni qınamayacaq? Kəndlinin əkdiyi taxıl azacıq da olsa məhsul, saman kimi mal yemi verəcəksə bunun nə ziyanı var?

Maraqlıdır, bəlkə kimlərsə Naxçıvanda yerli taxıl istehsalını sıfırlamaq istəyir? Ola bilərmi ki, kimlərsə yerli taxılın istehsalını öz monopoliyasına almaq istəyir?

Iqtisadçı Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Naxçıvanda taxıl əkini ilə bağlı əhaliyə edilən xəbərdarlıq çox ciddi və diqqət çəkən bir məqamdır: “Naxçıvan kimi strateji və kənd təsərrüfatı ənənələri güclü olan bölgədə taxıl əkininə qadağa yönümlü xəbərdarlıqlar əhali arasında təbii olaraq suallar doğurur. İcra strukturlarının verdiyi əsas izah odur ki, yazda və yayda suvarma suyu olmayacaq. Doğrudan da su məhdudiyyəti gözlənilirsə, bu, iqlim amilləri, quraqlıq proqnozları və ya su hövzələrinin boşalması ilə əlaqədar ola bilər.

Amma diqqətçəkən məqam budur ki, indidən “su olmayacaq” kimi qəti xəbərdarlıq edilməsi elmi əsaslandırmadan çox, inzibati göstəriş təəssüratı yaradır. Kəndli haqlı olaraq bildirir ki, taxıl tam məhsuldar olmasa da, ən azından saman verir. Saman isə mal-qara üçün yemin vacib hissəsidir”.

Ekspertin dediyinə görə, taxıl əkininə qadağa qoyulursa, bu, həm də heyvandarlığın yem bazasına mənfi təsir edəcək: “Son illər müxtəlif bölgələrdə yerli istehsalın məhdudlaşdırılması, xaricdən və ya monopolist mənbələrdən gətirilən məhsulların bazarda “təhlükəsiz” saxlanılması halları barədə iddialar var. Ola bilər ki, Naxçıvanda da yerli taxıl istehsalının sıxışdırılması nəticəsində bazarda idxal olunan və ya müəyyən şirkətlərin nəzarətində olan məhsulların payı artırılsın.

Belə olduqda, kəndlilər öz əkinindən məhrum edilir, bazar isə daha çox xarici və ya monopolist məmulatlarla təmin olunur. Əkinə qadağa kəndlinin həm iqtisadi, həm də psixoloji durumunu ağırlaşdırır. Onsuz da kənd təsərrüfatından başqa ciddi gəlir imkanı olmayan əhali daha çox asılı vəziyyətə düşür. Bu isə regionda sosial gərginlik yarada bilər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, əhalinin “kimlərsə yerli taxılı sıfırlamaq və ya monopoliyaya almaq istəyir” şübhəsi əsassız deyil: “Çünki su qıtlığı ilə bağlı proqnoz verilsə də, alternativ həll yolları (damcılı suvarma, subsidiya, əkin növünün dəyişdirilməsi) təklif edilmir. Birbaşa “heç kim taxıl əkməsin” demək isə inzibati qadağa formasını alır və bunun arxasında başqa maraqların ola biləcəyini düşündürür. Doğrudan da iqlim səbəbindən su problemi olacaqsa, dövlət və yerli icra orqanları kəndliyə alternativ əkin növləri, kompensasiya mexanizmi və ya yem təminatı planı təklif etməlidir. Əks halda, sadəcə qadağa insanlarda haqlı suallar doğurur: kimə sərf edir ki, kəndli taxıl əkməsin?”.

Leyla QARAXANLI

Seçilən
22
baki-xeber.com

1Mənbələr