AZ

Yaxın Şərqdə davamlı sülh üçün Fələstinin müstəqilliyi vacibdir - Ərdoğan

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Ədalət və rifah üçün Türkiyənin diplomatik vizyonu” başlıqlı məqaləsi ABŞ-ın nüfuzlu nəşrlərindən olan Newsweek jurnalında ingilis dilində dərc olunub.

TurkicWorld xəbər verir ki, Ərdoğan məqaləsində dünyanı təhdid edən münaqişələr, qeyri-sabitlik, terror hücumları, pandemiyalar, iqlim böhranları və artan ədalətsizliklər fonunda Türkiyənin ədalət, sülh və həmrəylik mərkəzli xarici siyasət yürütməyə davam etdiyini vurğulayıb. O, "Dünya beşdən böyükdür" ifadəsi ilə BMT sisteminə yönələn tənqidin təkcə bir şüar deyil, eyni zamanda bəşəriyyətin ortaq gələcəyinə dair bir baxışın ifadəsi olduğunu qeyd edib.

Ərdoğanın sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının yalnız beş daimi üzvün iradəsinə tabe olan hazırkı qərar mexanizmi qlobal ədalətsizliyin əsas səbəblərindən biridir və bu qurum təcili islahata məruz qalmalıdır.

O, həmçinin bildirib ki, Türkiyə xarici siyasətində dialoq və vasitəçilik diplomatiyasını ön plana çıxarır. Qara dəniz taxıl təşəbbüsü bunun uğurlu nümunəsidir. Türkiyə Cənubi Qafqazdan Afrikaya, Yaxın Şərqdən Balkanlara qədər geniş bir coğrafiyada sülh və ədalət üçün məsuliyyət daşımaqdan çəkinmir.

Ərdoğan qeyd edib ki, Türkiyənin diplomatiya yanaşması yalnız münaqişələrin həlli ilə məhdudlaşmır, həm də humanitar sahədə özünü göstərir. Türkiyə dünyada ən çox humanitar yardım edən ölkələrdən biri olaraq bu istiqamətdə öhdəliklərini davam etdirəcək.

Ərdoğan İsrailin Qəzzadakı davamlı işğalını və tətbiq etdiyi blokadanı “bəşəriyyət vicdanının ən böyük sınağı” adlandıraraq, beynəlxalq ictimaiyyətin bu vəziyyətə qarşı daha qətiyyətli və səmimi mövqe sərgiləməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, ədalətli bir sülh, yalnız Fələstin xalqının 1967-ci il sərhədləri çərçivəsində, ərazi bütövlüyünə malik və paytaxtı Şərqi Qüds olan müstəqil bir dövlətə sahib olması ilə mümkündür. Bu, Yaxın Şərqdə dayanıqlı sülh və sabitlik üçün bir zərurətdir.

“Dünya dövlətlərinə çağırışımız nettir: Fələstin dövlətini tanıyın. Bu tanınma, işğal, blokada və zülmə qarşı verilə biləcək ən güclü cavabdır.”- deyə Ərdoğan qeyd edib.

Türkiyə Prezidenti, Fələstini tanıyacağını açıqlayan ölkələri təbrik etdiyini, bu qərarların ardıcıl olmasını və konkret addımlarla dəstəklənməsini gözlədiyini də vurğulayıb.

Seçilən
24
50
turkic.world

10Mənbələr