AZ

Fransanın kredit reytinqi bir həftə içində ikinci dəfə azaldıldı

Fransanın kredit reytinqi bir həftə içində ikinci dəfə azaldıldı

Beynəlxalq kredit reytinqi agentlikləri uzun müddətdir davam edən siyasi gərginlik və dövlət maliyyəsinin pisləşməsi səbəbindən Fransanın kredit reytinqini bir həftə ərzində ikinci dəfə aşağı salıb.

Fitch Ratings 12 sentyabr 2025-ci ildə Fransanın kredit reytinqini AA− səviyyəsindən A+ səviyyəsinə endirib və proqnozu “sabit” olaraq saxlayıb. Ardınca Morningstar DBRS 19 sentyabrda Fransanın uzunmüddətli kredit reytinqində oxşar aşağı yönlü düzəliş edib və reytinqi “AA (high)” səviyyəsindən “AA” səviyyəsinə endirərək proqnozu “mənfi”dən “stabil”ə çevirib.

Morningstar DBRS-dən verilən açıqlamada hökumət maliyyə vəziyyətini strukturlaşdırılmış şəkildə yaxşılaşdırsa və borc nisbətini dayanıqlı şəkildə azaltsa, ölkənin kredit reytinqinin yenidən yüksələ biləcəyi bildirilib.

Açıqlamada kredit reytinqinin aşağı salınmasının əsas səbəbləri arasında siyasi gərginlik önə çıxır. Parlamentdə çoxluğa malik olmayan hökumətin büdcə kəsinti planları üçün etimad səsi ala bilməməsi kimi hadisələr də siyasi riskləri artıran amillər kimi göstərilib. Artan dövlət büdcə kəsiri və borc nisbətində böyüyən problemlər digər əsas səbəblər olaraq qeyd olunub.

AB kriteriyalarının üstündə büdcə kəsiri və dövlət borcu ilə üzləşən Fransada büdcə kəsirinin ÜDM-ə nisbətinin 5,4% səviyyəsində olması gözlənilir. Ölkənin dövlət borcunun ÜDM-ə nisbəti Avrozonadakı ölkələr arasında ən yüksəklərdən biridir. Kredit reytinqindəki azalma dövlət istiqrazları üçün tələb olunan risk mükafatını artıraraq ölkənin borclanma xərclərinin yüksəlməsinə səbəb ola bilər.

Hökumətin 2026 büdcəsi təsdiqlənməmişdən əvvəl daha yumşaq maliyyə tədbirləri görməsi lazım olacağı proqnozlaşdırılır. Parlamentdə parçalanmış struktur, sosial təbəqələrin etirazları və müxalifətin təzyiqləri bu prosesi daha da çətinləşdirə bilər.

Dövlət borcunun ÜDM-ə nisbətinin artmağa davam etməsi və büdcə kəsirinin nəzarət altına alınmaması halında digər kredit reytinqi agentliklərinin də oxşar addımlar ata biləcəyi bildirilir.

Fransada sosial xərclər, pensiya və işsizlərə ödənişlər Avropa ortalamasının üzərindədir. Ölkədə işsizlər 18 ayadək, 57 yaşdan yuxarı şəxslər isə 27 ayadək işsizlik müavinəti ala bilir. Fransanın dövlət borcu iqtisadiyyatın böyüməsindən daha sürətlə artır və COVID-19 pandemiyası zamanı baş verən iqtisadi yavaşlama ilə Ukrayna-Rusiya müharibəsinin təsiri bu vəziyyəti daha da pisləşdirib.

Seçilən
20
afn.az

1Mənbələr