AZ

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də  

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti “Türkiyə Texnologiya Komandası” – T3 Fondunun dəvəti ilə İstanbul şəhərində keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak edib.

Bu barədə AZƏRTAC-a Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev və “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov finala yüksələn və ölkəmizi təmsil edən komandalarla görüşüb, onların uğurlarını yüksək qiymətləndirib və iştirakçıları təbrik ediblər. 43 komandada təmsil olunan gənclərin bu sahədə əldə etdikləri nailiyyətlərin ölkəmizin texnoloji inkişafına mühüm töhfə olduğu diqqətə çatdırılıb.

Festivalda, həmçinin Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Bilim Bakı” və “Bilim Quba” mərkəzlərini özündə birləşdirən “Bilim Azərbaycan” layihəsi də stendlə təmsil olunub.

Xatırladaq ki, Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3) arasında imzalanmış protokola əsasən yaradılan “Bilim Bakı” mərkəzi “TEKNOFEST”in Azərbaycandakı rəsmi koordinatorudur. Festivalda ölkəmizi təmsil edən universitet tələbələri, gənclər və şagirdlərdən ibarət komandalar hazırlıq mərhələlərini məhz bu mərkəzdə keçiriblər. Mərkəz onlara texniki və nəzəri biliklərin artırılmasında dəstək göstərərək, startapların beynəlxalq səviyyədə rəqabətə hazırlaşmasına töhfə verib.

2018-ci ildən etibarən keçirilən “TEKNOFEST” innovasiya, startap və texnologiya sahəsində dünyanın ən nüfuzlu tədbirlərindən biri kimi tanınır. Festivalın əsas məqsədlərindən biri gənclərin texnologiya və elm sahələrinə marağının artırılması, həmçinin onların inkişafına şərait yaradılmasıdır.

Seçilən
1
9
azerbaijan-news.az

10Mənbələr