AZ

Düzgün və məqsədyönlü siyasət

ain.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının tarixinə şanlı səhifə kimi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Ordumuzun fədakarlığı nəticəsində 30 ilə yaxın davam edən işğala son qoyuldu, torpaqlarımız azad edildi. Bu Qələbə ilə təkcə hərbi güc nümayiş etdirilmədi, həm də tarixi ədalət bərpa olundu. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, müharibəyə ehtiyac qalmazdı, əgər Ermənistan beynəlxalq hüquqa əməl etsə, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etsəydi və böyük dövlətlər işğalçılığa göz yummasaydılar.

10 noyabr 2020-ci ildə imzalanmış kapitulyasiya aktından sonra Qarabağda hələ də Ermənistan silahlı dəstələri qalmaqda idi. Halbuki üçtərəfli Bəyanata əsasən, həmin qüvvələr tərksilah olunmalı və ərazini tərk etməli idilər. Azərbaycan, işğala məruz qalan tərəf kimi, sülhün bərqərar olması üçün 2020-ci ildən etibarən üç il ərzində bütün səylərini göstərdi. Lakin bunun əvəzində Ermənistan Qarabağda hərbi qüvvələrini gücləndirdi, yeni silahlar gətirdi və müxtəlif təxribatlara əl atdı.

İkinci Qarabağ müharibəsindən sonrakı dövrün xronologiyası Azərbaycanın haqlı mövqeyini təsdiqlədi. Ermənistan silahlı birləşmələri Qarabağ ərazisindən çıxarılmadı, əksinə, əlavə silah-sursat gətirildi, minalar basdırıldı. Bu isə ölkəmizə qarşı mina terrorunun davam etməsinə səbəb oldu. Azərbaycan dəfələrlə dialoq çağırışı etsə də, qarşı tərəf gərginliyi artırmaq yolunu seçdi.

2022-ci ilin sentyabrında sərhəddə baş verən toqquşmalar, 2023-cü ilin yazında Şuşa istiqamətində törədilən təxribatlar, Azərbaycan mövqelərinin atəşə tutulması vəziyyəti dözülməz etdi. Ermənistan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, digər tərəfdən ərazi iddialarını davam etdirirdi. Bu şəraitdə antiterror tədbirlərinin həyata keçirilməsi qaçılmaz idi.

2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror əməliyyatı Silahlı Qüvvələrimizin gücünü bir daha nümayiş etdirdi. Cəmi bir neçə saat ərzində düşmənin təqribən 15 minlik ekspedisiya korpusu iflic vəziyyətinə salındı və kapitulyasiya aktına imza atmağa məcbur oldu. Nəticədə Azərbaycan ərazisində separatizmin kökü kəsildi, dövlət suverenliyi tam təmin edildi.Əməliyyat zamanı Azərbaycan Ordusuna ciddi göstəriş verilmişdi ki, mülki əhali hədəfə alınmasın. Qadınların, uşaqların, qocaların, xəstələrin təhlükəsizliyi qorundu, onlara lazımi yardımlar göstərildi. Sosial, tibbi, dini və digər obyektlər mühafizə edildi. Beləliklə, 24 saatdan az müddətdə erməni silahlı dəstələri tərksilah edildi, Qarabağda qanunsuz qurum ləğv olundu, separatçıların rəhbərləri həbs edildi.

2023-cü il 15 oktyabrda Prezident İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Bayrağını ucaltdı. Dövlət başçısının “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” bəyanatı xalqımızın qürurunu bir daha artırdı. Bu gün artıq azad edilmiş torpaqlarımızda dirçəliş, quruculuq işləri aparılır, soydaşlarımız Böyük Qayıdış prosesinə qoşulurlar. Ağdamdan Şuşaya, Laçından Xankəndiyə qədər bütün bölgələrdə üçrəngli bayrağımız dalğalanır.

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
sesqazeti.az

1Mənbələr