AZ

Sosioloq: Dindar olmayan insan da Allaha üz tuta bilər

“Allah qorxusu” anlayışı əslində insanın Yaradanına olan dərin məhəbbət və ehtiramından doğur

Avropadakı tarixi kilsələrdən şəkillər paylaşan Gülsəfa Cəfərova həyat yoldaşı Adnan Əhmədzadə həbs ediləndən sonra Qurandan ayə paylaşaraq günahsız bir insanın şərləndiyini bildirir. Amma diqqət yetirəndə görürsən ki, onun həyat tərzi, geyimi və həyata baxışı İslamla üst-üstə düşmür. 
Ümumiyyətlə, dinlə bağlılığı olmayan və hətta bəzən dinə zidd hərəkətlər edən insanların çətin anlarında “Allah”, “Tanrı” demələrinin şahidi oluruq.
Cəmiyyətdə bu hal nədən qaynaqlanır: Allah qorxusundanmı, yoxsa hansısa ali qüvvədən kömək istəmək ehtiyacından?
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.
Xatırladaq ki, Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə əlaqələndirilir. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.

Sosioloq Mətanət Məmmədova Sherg.az-a söyləyib ki, hər bir insan həyatın Allah tərəfindən bəxş olunduğunu dərk edir. Lakin hər kəsin dini olmaya bilər:

"Allahın təkliyi isə bütün müqəddəs kitablarda yazılıb və biz bunu oxumuşuq, bilirik. Dinlər müxtəlifdir və bu, səbəbdən fərqli etiqadlar formalaşır. Bəzilərinin dini inancı var, bəzilərinin isə yoxdur. Ancaq bütün dünyada insanlar dara düşəndə Allahdan kömək istəyirlər. Bu, onların mütləq hansısa dinə bağlı olduqları anlamına gəlmir. Yəni, Allahı tanımaq və ondan dəstək istəmək üçün xüsusi bir dini etiqada sahib olmaq tələb deyil.
Bir insan nə müsəlman, nə xristian, nə də yəhudi olsa da, lakin yenə də Allahın varlığını qəbul edə bilər. Heç bir dində tələb kimi göstərilmir ki, insan yalnız müəyyən dinə mənsub olarsa Allahı tanıya bilər. Allahın təkliyi və insanların yaradılışında Onun rolu həm müqəddəs kitablarda, həm də elmi araşdırmalarda öz əksini tapıb.
Adətən biz doğulduğumuz mühitdə valideynlərimizin mənsub olduğu dinə etiqad edirik. Amma elə insanlar da var ki, ailələri müsəlman, xristian və ya yəhudi olsa da, özləri heç bir dinə inanmaq istəmirlər. Onlar ateist kimi yaşayırlar. Bununla belə, bu o demək deyil ki, həmin insanlar Allahı tanımır. Çox vaxt elə onlar da dar məqamlarda Allahdan kömək istəyirlər. Burada əsas məsələ ondadır ki, dinləri insanlar yaradıb. Allah isə yalnız müqəddəs kitabları göndərib və həmin kitabların əsasında müxtəlif dinlər formalaşıb. Deməli, insan dinə inanmasa belə, Allahı qəbul edə və Ondan yardım diləyə bilər. Allah böyük və möhtəşəm varlıqdır. Müxtəlif dinlərdə ona həsr olunmuş kitablar müqəddəs sayılır və hörmətlə qarşılanır".

Sosioloqun fikrincə, dindar olmayan insan da Allaha üz tuta bilər:
"Bu, onun yaradanı tanımadığı və ya sevmədiyi anlamına gəlmir. Əksinə, Allahı yaradan kimi qəbul edir və inancını ona yönəldir. İnsan arzularının gerçəkləşməsini, xəstəliyinin sağalmasını və ya dərdinin həllini Allahdan diləyəndə, bu, dinlə bağlı deyil, sadəcə tanrıya inam və ümidlə bağlıdır. Allaha müraciət qorxudan irəli gəlmir, əksinə, ona olan məhəbbət və hörmətdən qaynaqlanır. Məsələn, biz uşaqlıqda və böyüklükdə səhv hərəkət edəndə çox vaxt düşünürük ki, valideynlərimiz buna necə baxacaq. Bu, qorxu deyil, onlara olan hörmətin və sevgimizin təzahürüdür. Eləcə də “Allah qorxusu” anlayışı əslində insanın Yaradanına olan dərin məhəbbət və ehtiramından doğur".
Seçilən
3
sherg.az

1Mənbələr