AZ

Bakıda ödənişli yollar nə zaman müəyyənləşəcək? - Ekspert AÇIQLADI

Prezident İlham Əliyev "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzalayıb. Fərmana əsasən Bakı şəhərində ödənişli yolar təşkil olunacaq.

Bəs həmin yollar hansı ərazilərdə olacaq? Ödəniş məbləği nə qədər olacaq?

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a açıqlayan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, bu yolların məsələsi hələ tam müəyyənləşməyib:

"Yəni bu siyahı müəyyənləşməmişdən öncə burada nəsə demək düzgün olmaz. Ona görə də hesab edirəm ki, prosesi sadəcə gözləmək lazımdır. Çünki cənab Prezidentin imzaladığı fərmanda aidiyyəti qurumlara üç ay müddət verilib. Bu üç ay ərzində bu məsələlər öz həllini tapmalıdır. Yəni ödənişli yolların siyahısı müəyyənləşməlidir. Eyni zamanda onların əhatəsi müəyyənləşməlidir ki, hardan başlamalı, harda bitməlidir. Elə hardasa yol var, pul ver, hərəkət et - bu belə bir məsələ olmamalıdır. Müəyyən zonalar var ki, o zonalara giriş pullu ola bilər. Məsələn, hal-hazırda bunun bir modeli var - İçərişəhər. İçərişəhərə avtomobillə giriş pulludur, orada dayana və hərəkət edə bilərsiniz, yoxsa başqa küçədən girib çıxmaq mümkünsüzdür. İndi deyək ki, hal-hazırda məsələn, "Torqovı" ətrafında küçələr nəqliyyat üçün əlverişli deyil. Həftə sonları da bilirsiniz ki, AYNA tərəfindən həmin küçələr bağlanır. Ola bilsin, həmin zona pullu elan edilə bilər. Başqa müəyyən alternativlər də mövcuddur. Bu məsələlər müəyyən müzakirələr nəticəsində təsdiqlənə bilər. Bu sadəcə mənim fikrimdir; ola bilsin, bu, baş tuta bilər və ya başqa variantlar seçilə bilər. Hər halda, cənab Prezidentin tapşırığı ilə bu üç ay ərzində bu məsələlər hazırlanmalıdır".

Ekspert həmçinin qeyd etdi ki, o, pullu yollar barədə AYNA rəhbərliyi ilə də müzakirə aparıb.

"Onlar da bildirdilər ki, bəli, iştirakımızla, bir yerdə bunu müzakirə edəcəklər. Ekspertlərin iştirakı ilə təkliflərimiz olacaqsa, bunlar da nəzərə alınacaq. Sağ olsunlar ki, bu məsələləri qapalı şəraitdə qəbul etmirlər. Qərarlar qapalı formada verilmir və ictimai müzakirə aparılacaq", - deyə Muradlı bildirdi.

Nuriyyə NATİQQIZI

Seçilən
6
1
redaktor.az

2Mənbələr