Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək
DİM-dən hafta.az-a verilən məlumata görə, peşə tanınması üzrə növbəti imtahan 29 sentyabr 2025-ci il tarixində saat 11:00-da DİM-in Elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək. İmtahanda iştirak etmək üçün TKTA-da qeydiyyatdan keçmiş ərizəçilər sentyabrın 23-dən etibarən DİM-in internet saytına daxil olaraq “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahanın keçirilmə vaxtı və digər zəruri məlumatlar göstəriləcək.
Ərizəçilər ixtisasları üzrə proqramla və test tapşırığı nümunələri ilə müvafiq linklərə (“Müəllimlik”, “Mühəndislik”, “Hüquq”) keçid etməklə tanış ola bilərlər.
Müəllimlik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, peşə bilikləri və verbal test tapşırıqları ilə məntiqi təfəkkürləri yoxlanılır.
Mühəndislik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, situasiya-mühakimə test tapşırıqları vasitəsilə peşə səriştələri və məntiqi təfəkkürləri yoxlanılır.
Hüquq üzrə ərizəçilərin ixtisas bilikləri və verbal test tapşırıqları vasitəsilə məntiqi təfəkkürləri yoxlanılır.
İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Səhv cavablar düz cavabların sayına təsir göstərmir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.