AZ

Gəncə klubunun idarəçiliyi başqa quruma verildi - FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Azərbaycan Basketbol Federasiyasının (ABF) nümayəndələri ilə görüş keçirilib.

Federasiyanın mətbuat xidmətindən İdman.biz-ə verilən məlumata görə, görüşdə AHİK sədrinin müşaviri Nigar Vahabzadə, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ETİHİ) sədri Araz Paşayev və ABF-nin icraçı vitse-prezidenti Fərrux Mahmudov iştirak ediblər.

Görüş zamanı “Gəncə” basketbol klubunun idarəçiliyi və fəaliyyət planları ətraflı müzakirə olunub və yekun qərara əsasəsn klubun idarəçiliyi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinə verilib.

Bu yeni idarəçilik sisteminin “Gəncə” klubu üçün seçilməsində əsas səbəb, son üç mövsüm ərzində klubun göstərdiyi yüksək nəticələrdir. Klub 2022/2023 mövsümündə Azərbaycan Basketbol Liqasında (ABL) final oynayıb və həmin mövsüm Azərbaycan Kubokun qalibi olub. Son mövsümdə də uğurlu çıxışını davam etdirən “Gəncə” B qrupundan A qrupuna vəsiqə qazanıb.

Bundan əlavə Gəncə Azərbaycanın ikinci ən böyük şəhəri olmaqla yanaşı, ölkənin mühüm sənaye, ticarət və mədəniyyət mərkəzidir. Üstəlik bu il MDB Oyunları da məhz Gəncə şəhərində keçiriləcək. Şəhər əhalisinin də idmana olan böyük marağı, klubun inkişafına təsir göstərən önəmli amillərdəndir. Vurğulamaq lazımdır ki, qeyd olunan bütün bu məqamlar region klubunun gələcək potensialından xəbər verir.

Qeyd edək ki, “Gəncə” basketbol klubu 2025/2026 mövsümündən AHİK üzv təşkilatı ETİHİ-nin idarəçiliyi altında fəaliyyət göstərəcək. Eyni zamanda, klub Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasına da üzv qəbul edilib.

İdman.biz

Seçilən
3
2
idman.biz

3Mənbələr