AZ

Suriya liderinin sözləri ABŞ-də gündəm oldu

BMT Baş Assambleyasına qatılmaq üçün ABŞ-yə gedən Suriya Prezidenti Əhməd əş-Şaraa jurnalistlərə diqqətçəkən açıqlamalar verib.

"Cebheinfo.az" xəbər verir ki, terror təşkilatı İŞİD-lə mübarizə apardıqlarını vurğulayan Şaraa “İran milislərini və “Hizbullah”ı Suriyadan qovduq” ifadəsini işlədib.

Bütün bunların əslində beynəlxalq ictimaiyyətin vəzifəsi olduğunu bildirən əş-Şara, “Beynəlxalq ictimaiyyət bircə əsiri belə xilas edə bilmədi” deyib.

O, beynəlxalq ictimaiyyətin Suriyada mülki əhalini qorumaqda, tutulanları azad etməkdə və kimyəvi silah istifadəsini dayandırmaqda uğursuz olduğunu qeyd edərək, “Suriyada həyata keçirdiyimiz bütün bu lazımi əməllər əslində beynəlxalq ictimaiyyətin vəzifəsi olmalı idi. Suriyada bu dəhşətli cinayətlər törədilərkən niyə susdunuz sualını biz verməliyik” deyib.

Əhməd əş-Şaraa ABŞ Prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaları ləğv etmə qərarını “sürətli, cəsarətli və tarixi” adlandırıb.

Suriyanın təhlükəsiz, sabit və birləşmiş olması gərəkdiyini qəbul etdiyini söyləyən Şara, “Bu, yalnız Suriyanın deyil, bütün dünya ölkələrinin maraqlarına ən uyğun olandır” deyib.

Əhməd əş-Şaraa ABŞ-ni çoxsaylı mövzu və qarşılıqlı maraqlar barədə danışıqlara başlamağa və münasibətləri yaxşı və birbaşa şəkildə bərpa etməyə çağırıb.

Suriyalıları Bəşər Əsəd rejiminin tətbiq etdiyi təzyiqdən xilas etdiklərini bildirən Əhməd əş-Şaraa, qaçqınların və köçkünlərin artıq evlərinə dönə biləcəklərini qeyd edib.

Əhməd əş-Şaraa 1967-ci ildə vəzifədə olmuş sabiq Prezident Nurəddin əl-Atasidan sonra BMT-də çıxış edəcək ilk Suriya Prezidenti olacaq. Onun təmasları çərçivəsində Suriya-İsrail arasındakı son vəziyyəti və sanksiyaları müzakirə edəcəyi gözlənilir.

Suriya Xarici İşlər naziri Əsəd Həsən Şeybani isə ötən həftə Vaşinqtona gedərək ABŞ Maliyyə Nazirliyinin rəsmiləri və Dövlət katibi Marko Rubio ilə görüşmüşdü.

Suriyanın gündəmində İsraillə əldə olunması planlaşdırılan yeni təhlükəsizlik razılaşması da var. İsrailin Baş naziri Benyamin Netanyahu, bu razılaşma çərçivəsində aparılan danışıqlarda irəliləyiş olduğunu bildirmişdi.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr