AZ

Azərbaycanın çoxşaxəli xarici siyasət yürütməsi ölkəmizə marağı artırır

Azərbaycanın çoxşaxəli xarici siyasət yürütməsi təkcə Avropa və Asiya istiqamətlərində deyil, Afrika kontinentində də ölkəmizə marağın artmasına səbəb olub. Xüsusən də 44 günlük İkinci Qarabağ müharibəsindən və Bakının ev sahibliyi etdiyi COP29 qlobal iqlim sammitindən sonra Afrika ölkələrinin Azərbaycanla əlaqələri daha da intensivləşib. Azərbaycanın COP29-da Afrikanın danışan dilinə çevrilməsi və bu ölkələrin problemlərini dünya birliyinin diqqət mərkəzinə çıxarması qitə ölkələrində ölkəmizə rəğbətin daha da artmasına əlavə təkan verdi.

Azərbaycanın Afrika dövlətlərinin maraqlarını istər BMT, istərsə də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal şəkildə müdafiə etməsi qitə ölkələri ilə rəsmi Bakı arasında ilk növbədə siyasi əlaqələrin güclənməsinə səbəb olub. Xüsusən də pandemiya dönəmində Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın Afrika ölkələrinə sədr dövlət kimi hərtərəfli dəstək göstərməsi qitə ölkələrinin Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla əlaqələrinin yeni mərhələyə keçməsinə stimul verib. Afrika ölkələrinin liderlərinin Azərbaycana isəfərlərinin intensivləşməsi də məhz yuxarıda qeyd etdiyimiz amillərlə bağlıdır.

Ruanda Prezidenti Pol Kaqamenin Azərbaycana rəsmi səfərinin motivlərinə, səbəblərinə də ilk növbədə bu kontekstdən yanaşmalıyıq. Xatırladaq ki, bu, Pol Kaqamenin ölkəmizə artıq ikinci səfəridir. O, bundan öncə 2024-cü ilin noyabrında COP29-da iştirak məqsədilə paytaxtımıza gəlmişdi və həmin vaxt Prezident İlham Əliyev tərəfindən ölkəmizə rəsmi səfərə dəvət edilmişdi. BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf etdirilən Azərbaycan-Ruanda əməkdaşlığının ikitərəfli əlaqələr müstəvisində yeni konturları da məhz ötən ilin noyabrında cənab Pol Kaqamenin Bakıya səfəri zamanı müəyyən edilib.

Ruanda ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaradılması 28 may 2004-cü il tarixinə təsadüf edir. Həmin vaxt Nyu-Yorkda Azərbaycan Respublikası və Ruanda Respublikası arasında diplomatik əlaqələrin yaranması haqqında Birgə Kommünike imzalanıb. Ruanda Prezidentinin Bakıya budəfəki səfəri çərçivəsində isə iki ölkə arasında “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Ruanda Respublikasının Kənd Təsərrüfatı və Heyvan Ehtiyatları Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Ruanda İnkişaf Şurası arasında qabaqcıl dövlət xidmətlərinin göstərilməsi mexanizminin yaradılması barədə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun həyata keçirilməsi üzrə Əməkdaşlıq Proqramı”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Ruanda Respublikasının İnkişaf Şurası arasında Anlaşma Memorandumu” imzalanıb.

Bu sazişlər, memorandumlar və əməkdaşlıq proqramlarının icrasına başlanılması yaxın gələcəkdə həm Ruanda dövləti ilə, həm də bütövlükdə Afrika kontinenti ilə iqtisadi əlaqələrimizin genişlənməsinə böyük təkan verəcək. Azərbaycan və Ruanda prezidentlərinin mətbuata bəyanatlarla çıxışları zamanı Prezident İlham Əliyevin vurğuladığı kimi hazırda Ruanda ilə bizim əla siyasi münasibətlərimiz var və bizə bütün digər sahələrdə də eyni münasibətlər səviyyəsi lazımdır. İki ölkənin liderlərinin Azərbaycan-Ruanda əməkdaşlığının müxtəlif aspektlərini geniş şəkildə müzakirə etməsi və tərəfdaşlığımızı dərinləşdirməklə, genişləndirməklə bağlı birgə iradə nümayiş etdirməsi iqtisadi və ticari sahədə tərəfdaşlıq üçün çox möhkəm zəmin yaradacaq.

Lakin bu əməkdaşlıq təkcə iqtisadi və ticari sahələrlə məhdudlaşmayacaq. Azərbaycanın Ruanda ilə əlaqələrinin güclənməsində mədəni, humanitar, təhsil sahəsindəki layihələr də mühüm rol oynayacaq. Belə ki, iki ölkə arasında təhsil, səhiyyə, humanitar sahələr üzrə müxttəlif layihələr həyata keçiriləcək. Yeri gəlmişkən, hal-hazırda Azərbaycanın ali təhsil müəssisələrində Afrikanın müxtəlif ölkələrindən gələn bir çox tələbələr təhsil alır. Bu tələbələrə Dövlət Təqaüd Proqramları çərçivəsində təqaüdlər də verilir. Qarşıdakı illərdə Ruanda əsilli tələbələr də Azərbaycan universitetlərində təhsil almağa başlayacaqlar.

Ruanda ilə əlaqələrimizin mühüm istiqamətlərindən birini də "ASAN xidmət" təcrübəmizin bu ölkəyə ixracı təşkil edəcək. Belə ki, Ruanda hökuməti Azərbaycanın bu sahədəki təcrübəsinə xüsusilə böyük maraq göstərir. Hazırda bu modelin tətbiqi üzrə həmçinin Afrika qitəsinin digər ölkələri ilə də mühüm işlər görülür. Belə ki, "ASAN xidmət" təcrübəsinin ixracı istiqamətində Mərakeş, Uqanda və Efiopiya kimi ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən qurumları ilə anlaşma memorandumları imzalanıb. Eyni zamanda, Somali Prezidenti də Azərbaycana səfəri zamanı Bakıda "ASAN xidmət" mərkəzi ilə tanış olub və Somali ilə Azərbaycan arasında bu sahə üzrə əməkdaşlıq sənədi imzalanıb. Ölkəmizin "ASAN xidmət" sahəsindəki təcrübəsinin Konqo, Tanzaniya, Qambiya və sair ölkələrə mübadiləsi istiqamətində də danışıqlar gedir. Ruanda da artıq bu prosesə qoşuldu. Beləliklə, Azərbaycan ilə Afrika dövlətləri arasında əlaqələrin dinamik inkişafı üçün əməkdaşlıq sahələrinin əhatə dairəsi, miqyası getdikcə genişlənməkdədir. Rəsmi Bakının qlobal həmrəylik və əməkdaşlıq prinsipindən çıxış etməsi Azərbaycanı dəstəkləyən ölkələrin sayının artmasında mühüm rol oynayır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsnin sədri
Seçilən
1
newscenter.az

1Mənbələr